“…onların gözlərinə şiş kimi batmağa başlayıb”
İki gün əvvəl, Almaniya Bundestaqında “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamə qəbul edilib. Sənəddə Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırılıb. Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən qətnamənin qəbulu ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Azərbaycanla bağlı qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir.
Politoloq Natiq Miri hesab edir ki, qətnamənin qəbul olunmasında hər hansı bir problem yoxdur, çünki Azərbaycanda demokratiya və insan haqlarıyla bağlı gerçək çətinliklər mövcuddur. Əsas problem qətnamənin qəbul olunduğu zamanla ələqalədir.
“Qətnamənin qəbulu Azərbaycanda 1-ci Avropa oyunlarının keçirildiyi vaxta təsadüf edir və təzyiq xarakteri daşıyır. Və bu yeganə hadisə deyil. Avropa Parlamentinin, Avropa Şurasının, ABŞ-ın bu yöndə konkret fəaliyyəti və təzyiqləri hiss olunur. Əgər həqiqətən də hədəf bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir zamanda hakimiyyətə təzyiqlər etməklə siyasi məhbusların azadlığa buraxılmasına və digər demokratik addımlara təhrik etməkdirsə, bunu müəyyən mənada təqdir etmək olar. Amma bunu kampaniya xarakterli etməklə Azərbaycan dövlətini gözdən salınmağa və zəiflətməyə xidmət edilirsə, bu, qəbulolunmazdır”-deyə politoloq sözlərinə əlavə edib.
Natiq Miri vurğulayır ki, Azərbaycanda demokratiya və insan haqlarıyla bağlı vəziyyətin bu duruma gəlməsində Avropa Birliyi kimi ABŞ və Almaniya da məsuliyyət daşıyır.
“Çünki zamanında öz geosiyasi maraqlarına görə gözardı etdikləri dəyərlər bu gün onların gözlərinə şiş kimi batmağa başlayıb. Yəni Qərb dünən əkdiklərini bu gün biçirlər və durumdan narazı qalmaqları da ikiüzlülükdən başqa bir şey deyil. Bu vəziyyət demokratiya, insan haqları, iqtisadiyyatda monopoliya və dondurulmuş münaqişələrə münasibətdə də eynidir. Bu məsələlərə prinsipial və ardıcıl, davamlı münasibət olmadıqca, ikili standartlar davam etdikcə Qərbin bu gün qarşılaşdığı xoşagəlməz vəziyyət davam edəcək”.
Kamran