“O təxribatçıların qarşısı təkcə hüquq-mühafizə orqanları yox, elə mitinq iştirakçıları tərəfindən də alınmalı idi.”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda dünən axşam başlayan və gecə saatlarına qədər davam edən Orduya dəstək aksiyası zamanı törədilən təxribatın mümkün təşkilatçıları haqda danışan ehtiyatda olan zabit Tərlan Eyvazov deyib.
Tərlan Eyvazov bildirib ki, dünən baş tutan aksiyada təxribata əl atan iştirakçıların müəyyən edilməsində çətinlik olmayacaq:
“Bildiyiniz kimi, bu günlərdə cəmiyyətin bütün kəsimləri, hətta radikal müxalifət təmsilçiləri də yaranmış vəziyyətdə siyasi rəqabəti dayandırdıqlarını bəyan etduilər.
Bu məqam belə deməyə əsas verir ki, məlum təxribatda sivil müxalifətdən şübhələnmək yersizdir. Ona görə də, hesab edirəm ki, burada daha çox müxtəlif ölkələrin maraqlarına xidmət edən radikal dini qrupların əlinin olduğu daha inandırıcıdır. Fikrimcə, hüquq-mühafizə orqanları qısa müddətdə o təxribatın təşkilatçılarını müəyyən edəcək”.
Ehtiyatda olan zabit qeyd edib ki, aksiya zamanı dini şüarlar səsləndirənlərə xüsusi diqqət yetirilməli idi:
“Azərbaycanda bir neçə dini cəryanın radikal nümayəndələri, müəyyən təşkilatları var. Çox təəssüf ki, onlar xalqın orduya, dövlətə dəstəyindən istifadə edərək, bu çirkinliyə əl atdılar.
Yaxşı olardı ki, dünənki aksiyanın təşkilatçıları onları diqqətdə saxlayaydılar. Xatırlayırsınızsa, Bakıda bir müddət əvvəl keçirilmiş mitinqlərin birində hətta İŞİD qaldırılmışdı. Ancaq iştirakçılar həmin şəxsi tutub, aidiyyatı orqanlara veriblər.
Aksiyaya qatılan minlərlə iştirakçı arasında beş-altı nəfərin təxribata əl atması, heç bir səbəb olmadan polis maşınını aşırması, Milli Məclisin qapısını sındırması tamamilə başqa məqamlardan xəbər verir. Milli Məclisədə baş verən təxribatda bir çox qüvvələrin, o cümlədən, xarici xüsusi xidmət orqanlarının, daxildə qarışıqlıq salmaq dairələrin iştirakı mümkündür.
Əslində, o təxribatçıların qarşısı təkcə hüquq-mühafizə orqanları yox, elə mitinq iştirakçıları tərəfindən də alınmalı idi. Yenə deyirəm, gərək aksiyanın təşkilatçıları o beş-altı nəfəri özləri tutub polisə təhvil verməliydilər. Təəssüf ki, bunu görmədik?”
Səxavət Məmməd
www.yenicag.az