Orta Asiyanı ABŞ, yoxsa Çin qazanacaq? - Türk analitikdən fərqli TƏHLİL

media-hightechnic-468x90

 

Orta Asiya, Çin ilə ABŞ arasında gedən qlobal nüfuz mübarizəsinin yeni cəbhəsinə çevrilib. İki nəhəng güc, regionun enerji ehtiyatları və geosiyasi mövqeyi uğrunda amansız mübarizə aparır.

Bu ayın əvvəlində Çin və ABŞ, Orta Asiya ölkələri ilə eyni vaxtda görüşlər keçirdi. ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan dövlət başçılarını “5+1” formatı çərçivəsində Vaşinqtonda qəbul edərkən, regiondakı bəzi yüksək səviyyəli rəsmilər isə Çinin Urumçi şəhərində keçirilən 12-ci Çin–Orta Asiya Əməkdaşlıq Forumunda iştirak etdilər.

Qərb mediası daha çox Ağ Ev zirvəsinə fokuslansa da, Çinin şimal-qərbindəki Sincan bölgəsinin paytaxtında təşkil olunan forum, Pekinin ABŞ-ın Orta Asiyadakı artan müdaxiləsi qarşısında geri addım atmaq niyyətində olmadığını göstərdi.

Bəs bu mübarizənin nəticələri nə ola bilər? Orta Asiyada qalib gəlməyə daha yaxın olan tərəf ABŞ-dır, yoxsa Çin? Biz bu mövzuda nə etməliyik?

Regionu yaxından izləyən tanınmış jurnalist-analitik Ali Kan Yenicag.az-a açıqlamasında məsələni bu cür şərh edib:

media-whatsapp-image-2025-11-24-at-16-36-51

“Mən bu məsələyə “ABŞ udacaq, yoxsa Çin?” kimi yox, “Orta Asiya xalqları bu prosesdən nə qazanacaq, nə itirəcək?” nöqteyi-nəzərindən yanaşmağın daha doğru olduğunu düşünürəm. Bu gün səhnədə iki böyük güc var, lakin həm masadakı mövzular, həm də sahədə hesabı ödəyən tərəf yenə bölgə ölkələri olacaq.

ABŞ son vaxtlar C5+1 formatı ilə Orta Asiyanı siyasi və təhlükəsizlik baxımından özünə yaxınlaşdırmağa çalışır. Çin isə illərdir “Kəmər və Yol” layihəsi, enerji xətləri, kreditlər və ticarət vasitəsilə bu bölgədə artıq çox dərin kök salıb. Coğrafi yaxınlıq və infrastruktur üstünlüyünə görə qısa müddətdə “sahə üstünlüyü” Çində kimi görünsə də, bu, avtomatik olaraq “Çin qalib gəldi” demək deyil. Çinə həddindən artıq asılılıq da bu gün Rusiyaya asılılığın yaratdığı problemlərə bənzər yeni risklər yarada bilər. Digər tərəfdən, ABŞ-ın da bölgədə etimad (güvən) problemi, dəyişkən siyasəti və bəzən seçici “demokratiya” yanaşması mövcuddur”.

Ali Kan düşünür ki, “Əsas məsələ budur: Orta Asiya ölkələri bu rəqabətdə özlərini “meydan” kimi yox, “oyunçu” kimi göstərə biləcəklərmi, yoxsa yox? Əgər onlar öz aralarında siyasi, iqtisadi və logistika sahəsində əməkdaşlığı gücləndirsələr; Rusiya, Çin, ABŞ, Aİ, Türkiyə kimi oyunçularla balanslı, çoxşaxəli münasibətlər qura bilsələr, bu böyük güc mübarizəsini öz xeyirlərinə çevirə bilərlər. Yox əgər bunu bacarmasalar, 21-ci əsrin yeni “nüfuz savaşları” yenə də eyni coğrafiyada yeni zəifliklər, gərginliklər yaradacaq”.

“Kim qalib gələcək?” sualına mənim cavabım belədir: Doğru strategiya ilə əsas qalib Orta Asiyanın özü ola bilər. Səhv oynanılarsa, hansı super güc öndə olsa da, bölgədə yaşayan xalqlar uduzan tərəf olar. Ona görə də bizə düşən, nə ABŞ-a, nə də Çinə kor-koranə söykənmədən; Türk dünyası xəttində, bölgənin öz mənafelərini önə alan ağıllı və balanslı bir mövqeyi müdafiə etməkdir”, deyə analitik fikrini yekunlaşdırıb.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa