Ayətullah Zəncaninin adından yayılan fətva Allahın buyruğuna tərsdir
İranın tanınmış din alimlərindən biri olan Ayətullah Əsədullah Bəyat Zəncaninin adından susuzluğa görə oruc tutmayanlarla bağlı fətva yayılıb. Belə ki, din xadiminin, iranlı imam internet saytında oruc tutmaqla bağlı maraqlı fitva verdiyi bildirilir.
“Oruc tutub, lakin susuzluğa taqəti qalmayanlar susuzluqlarını aradan qaldıracaq qədər su içə bilər. Belə bir vəziyyətdə oruc pozulmaz və qəza etməyə də ehtiyac yoxdur” – deyə Ayətullah Bəyat Zəncani bildirdiyi iddia olunur.
Məsələ burasındadır ki, ayətullaha istinadən verilən fətva İslamın təməl qaynaqlarına (Quran və hədislər) ziddir. Belə ki, İslam dini buyurur ki, Ramazan ayında insanlar yemək, İÇMƏK və cinsi əlaqədən sübhdən axşama qədər Allah rızası üçün imtina etməlidirlər.
Oruc, insanın iradəsini gücləndirir, ona səbirli olmağı öyrədir və zehninin təmizlənməsinə kömək edir. Müsəlmanın güclü iradəyə böyük ehtiyacı vardır. O, Ramazan ayında şiddətli aclıq və susuzluğa səbir etməklə öz güclü iradəsini göstərir. Oruc olduğu halda belə iradə nümayiş etdirən şəxs, iftar etdikdən sonra da həmin iradəsini qorumaq üçün iradəsinə zidd olan əməllərdən çəkinər və beləliklə, onu mühafizə edər. Güclü iradəyə sahib olan şəxs çox asanlıqla pisə pis, yaxşıya yaxşı deyə bilir. Cəmiyyətin hər acısına davam gətirir. Beləliklə cəmiyyətin fəal üzvlərindən biri olur.
Orucun çox böyük faydaları və gözəllikləri vardır və onları sayıb qurtarmaq mümkün deyildir. Orucun ən əhəmiyyətli və ən gözəl faydalarından bunları göstərmək olar:
Oruc, təqvalı olmaq (Allah rizasına, Onun buyurduğu qadağalardan, günahlardan çəkinmək və əmrləri yerinə yetirmək) üçün bir vasitədir. Allah taala buyurur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)” (əl-Bəqərə: 183).
Alimlər deyirlər ki, ayədə deyilən: “çəkinəsiniz” – sözü vacib məna daşıyır. Yəni, əgər siz oruc tutsanız o zaman təqva sahibi olacaqsınız. Təqva isə bəndənin ən gözəl və ən əzəmətli qazancı sayılır.
Oruc, Allahın insana verdiyi nemətlərə şükür etməkdir. Bu zaman nəfs yemək, içmək və şəhvətdən imtina edir. İmtina edilən bu əməllər ən gözəl nemətlər sayılır. Onları bir müddət tərk edən adam onların qədir-qiymətini daha yaxşı bilir. Çünki nemətlərin qədrini onlar tükəndikdən sonra bilmək olur. Oruc isə insanı verilən nemətlərə şükür etməyə vadar edir. Nemətlərə şükür etmək ağıl və şəriət baxımından vacibdir. Allah taala oruc tutmaqla verilən nemətlərə şükür etməyə bu ayələrdə işarə etmişdir:
“…Ona şükür edəsiniz” (əl-Bəqərə: 185).
Oruc tutmağın daha bir gözəlliyi nəfsi sındırmaq və şəhvətini idarə etməkdir. Çünki nəfs tox olanda təmənnalı olur, ac olanda isə artıq şeylərdən gözünü çəkir. Ona görə Peyğəmbər (sav) cavanlara müraciət edərək buyurmuşdur: .
“Kimin evlənməyə imkanı varsa evlənsin. İmkanı olma¬yanlar oruc tutsunlar. Çünki oruc tutmaq onun dərmanıdır”.
Belə ki, oruc tutmaq günahlardan çəkinmək üçün bir vasitədir.
Onu da qeyd edək ki, Allah Təala oruc tutmaqda çətinlik çəkən bəndələrini unutmayıb:
“(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” ( “əl-Bəqərə” surəsi, 184-cü ayə)
İlahiyyatçı Emil Rahiloğlu isə bildirib ki, fətva təhrif olunub: “Fətvanın əslində bildirilir ki, bir nəfər susuzluqdan canı təhlükəyə düşərsə, yəni ölüm həddinə gələrsə, canını xilas etmək üçün bir neçə qurtum su içə bilər. Ancaq Ayətullah Cəfər Sübhani Ramazan ayından sonra su içdiyi günün qəzasını vacib bilir. Zəncani isə vacib ehtiyat”.
www.yenicag.az