Dünya Çempionatında separatizm bayrağı: “O əski parçası ilə reallığı dəyişə bilməzlər”
“Azərbaycanın müvafiq idman federasiyaları və ya diplomatik nümayəndəliklərinin yerli təşkilat komitəsinə və birbaşa FIFA-ya etiraz məktubu göndərərək təhlükəsizlik xidmətinin məsuliyyətsizliyi ilə bağlı təhqiqat aparılmasının tələb edilməsi zəruridir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Futbol üzrə Dünya Çempionatı çərçivəsində Amerikanın Texas ştatında keçirilən Argentina-Avtriya oyununda bəzi erməni təxribatçıları tərəfindən tanınmayan və mövcud olmayan “Arsax” bayrağı dalğalandırılıb.
FİFA-nın qaydalarına görə belə bir hal baş verdiyi an qarşısı alınmalıdır amma DÇ kimi nüfuzlu futbol turnirində təşkilatçılar bu təxribat qarşısında heç bir addım atmayıblar.
Deputat B. Məhərrəmov baş vermiş bu təxribatı sərt formada tənqid edib və AFFA-ya şikayət etməyə çağırış edib:
“Məlumdur ki, FIFA-nın və digər beynəlxalq idman qurumlarının nizamnamələri stadionlarda siyasi şüarların, tanınmamış qurumların rəmzlərinin və ya hər hansı bir dövlətin ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatçı bayraqların nümayişini qəti şəkildə qadağan edir.
Argentina-Avstriya oyununda artıq tarixin zibilliyində olan separatizm bayrağının dalğalandırılması, üstəlik təxribatın qaydalara uyğun şəkildə qarşısının alınmaması ilk növbədə beynəlxalq qaydaların pozulması kimi qiymətləndirilir. Çünki FIFA-nın “Stadium Safety and Security Regulations” və “Disciplinary Code” sənədlərinə görə, stadionlarda siyasi, təhqiramiz və ya ayrılıqçı xarakter daşıyan hər hansı materialın nümayişi ciddi intizam məsuliyyəti yaradır. Texasda keçirilən oyunda mühafizəçilərin buna göz yumması və ya passiv mövqe sərgiləməsi təhlükəsizlik protokollarının icrasında ya ciddi bir boşluq olduğunu, yaxud məqsədli şəkildə bu təxribata dəstək göstərildiyini deməyə əsas verir. Lakin aydındır ki, erməni lobbisinin və ya təxribatçı qrupların bu cür addımları, adətən, birbaşa idmana deyil, məhz beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə, süni şəkildə “tanınma” və ya “dəstək” görüntüsü yaratmağa hesablanmış ucuz bir siyasi şoudur. Bu “əski parçası” ilə onlar reallığı dəyişə bilməyəcəklərini anlasalar da, məqsədləri Azərbaycan cəmiyyətində emosional reaksiya doğurmaq və idman mühitini gərginləşdirməkdir. Bu cür halların qarşısının alınmasına gəldikdə isə bunun üçün təkcə stadion təhlükəsizliyi deyil, həm də diplomatik addımlar vacibdir.”
Deputat AFFA-nın məsələni təcili nəzarətə götürməli olduğunu diqqətə çatdırıb:
“Bu mənada, ilk növbədə Azərbaycanın müvafiq idman federasiyaları və ya diplomatik nümayəndəliklərinin yerli təşkilat komitəsinə və birbaşa FIFA-ya etiraz məktubu göndərərək təhlükəsizlik xidmətinin məsuliyyətsizliyi ilə bağlı təhqiqat aparılmasının tələb edilməsi zəruridir. Həmçinin belə hadisələrin sosial şəbəkələrdə geniş işıqlandırılması və beynəlxalq ictimaiyyətə bu bayrağın separatizm və işğalı təmsil etdiyinin çatdırılması təxribatçıların bu kimi cəhdlərini neytrallaşdırır. İdman meydançaları siyasətə yox, sülhə və əməkdaşlığa xidmət etməlidir. Bu cür təxribatçı cəhdlər Azərbaycanın ərazi bütövlüyünü və regiondakı yeni reallıqları dəyişə bilməz, əksinə təxribatçıların özlərini gülünc və qeyri-ciddi vəziyyətdə qoyur.”
Nurlan Cəfəri













