Əfsanə Əliyeva: “Ramazan ayında oruc tutmaq immuniteti aşağı salmasa da, orqanizmin müqaviməti əvvəlki aylardakı kimi olmur”.
Vasif İsmayıl: “İftar süfrələrinin təşkil olunması və birlikdə yemək yeyilməsi yoluxma halına təsir edə bilər”.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-nə düşəcək. Mövcud pandemiya şəraitini nəzərə alsaq, bəzi mütəxəssislər oruc tutanların doğru qidalanmaması səbəbindən koronavirusa yoluxma ehtimalının arta biləcəyini qeyd edirlər.
Mövzu ilə bağlı dieotoloq Əfsanə Əliyeva Yenicag.az-a açıqlamasında bildirib ki, virusa yoluxmamaq üçün qidalanma rejiminə ciddi diqqət etmək lazımdır:
“Ramazan ayında oruc tutmaq immuniteti aşağı salmasa da, orqanizmin müqaviməti əvvəlki aylardakı kimi olmur. Ona görə də sağlam qidalanmaya üstünlük vermək vacibdir. Sahurda taxıl məhsulları, çörək, ağartı və yumurtadan istifadə etməklə, immuniteti qorumaq olar.
Eyni zamanda, iftarda qızardılmış yeməklərə çox üstünlük verilməməlidir. Tərəvəz yeməkləri mütləq şəkildə olmaqla, ət və ət məhsullarından istifadə edilməlidir. Əslində, normal qaydada gün ərzində üç dəfə meyvədən istifadə məsləhət görülür. Ramazan ayında isə bu qaydaya əməl etmək çətindir.
Ona görə də iftardan sonra iki meyvə, sahurda isə bir meyvə yeməklə, günlük meyvə istifadəsini tənzimləmək olar. İftarda salatların və ya tərəvəzlərin bişmiş halda yeyilməsi tövsiyə olunur. Bununla yanaşı, sahurda və iftardan sonra 1 litr su içilməsi məsləhətdir”.
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə saytımıza açıqlamasında vurğulayıb ki, tətbiq olunan qaydalara əməl edilməməsi yoluxma sayını artıra bilər. Lakin qidalanma baxımından, oruc tutan şəxsin virusa yoluxması real görünmür:
“Ramazan ayında oruc tutmağın epidemiya ilə bağlı hansısa mənfi təsiri yoxdur. Sadəcə olaraq, Ramazan davranışlarına düzgün əməl edilməlidir. İftar süfrələrinin təşkil olunması və birlikdə yemək yeyilməsi yoluxma halına təsir edə bilər. Ona görə də müəyyən qaydalara əməl etmək vacibdir”.
Gülşən Şərif
www.yenicag.az