YENİ DÖVR MEDİA STRATEGİYASI – Qəzetlərin saxlanması deyil, Rəqəmsalda DAYANIQLILIQ ƏSAS HƏDƏFDİR!

media-hightechnic-468x90

“Qəzetə istinad, qəzetə inam tədricən itdi”.

Bunu Yenicag.az-a açıqlamasında media eksperti Əfsələddin Ağalarov deyib.

media-whatsapp-image-2025-11-14-at-17-39-27

O, Medianın İnkişafı Agentliyinin (MEDİA) onlayn media subyektləri ilə bağlı müsabiqə üçün gətirdiyi yeniliklər barədə qəzetlərin sərt reaksiyasına münasibət bildirib.

Media eksperti qeyd edib ki, illərdir dövlət bu sahəni ayaqda saxlamaq üçün vəsaitlər ayırır, müxtəlif dəstək mexanizmləri tətbiq edir.

“Amma açıq danışmaq lazımdır: bəzi qəzetlərə göstərilən maliyyə yardımları gözlənilən keyfiyyət dəyişikliyinə səbəb olmadı. Əksinə, vəziyyəti bir qədər də dərinləşdirdi. Bir çox redaksiyalar işini sadəcə yardım almaqla və internet saytlarında yayımlanan materialları çap etməklə məhdudlaşdırdı. Nəticədə nə fərqli araşdırmalar, nə də oxucunun diqqətini çəkəcək reportajlar ortaya çıxdı. Beləcə, qəzetə istinad, qəzetə inam tədricən itdi.

Yeni qərar mətbuatın iqtisadi modelində yeni çağırışlar formalaşdırır. Bu gün müşahidə etdiyimiz əsas tendensiya yeni media və sosial media arasında olan mübarizədir. 10 il öncə mövzu ilə bağlı danışdıqda yeni medianın əsas rəqibi çap mediası idi. Amma bu gün artıq həmin tendensiya öz yerini yeni fikrə buraxıb. Yeni media bu gün sosial media ilə mübarizə aparır, hətta bir çox mənalarda ona uduzur.

Hazırda sosial mediada yayılan informasiyanın təkzibləri daha çox yeni mediada verilir. Deməli, bu gün yeni media sosial medianın arxasınca qaçır və media çirkliliyini təmizləməyə çalışır. Yəni artıq yeni media üzərində təkcə operativlik və qərəzsizlik yox, eyni zamanda informasiya işinin təmizləyicisi missiyası da qoyulub,” – deyə media eksperti yekunlaşdırıb.

Ə. Ağalarov həmçinin vurğulayıb ki, son 15 ildə Azərbaycan mətbuatında print medianın yerinin getdikcə daha çox arxiv materialları saxlayıcısı, yaxud tarixi və ənənəvi media sektoru kimi qalmaqda olduğu müşahidə edilir.

“İctimai rəyə təsirinin, operativliyinin olmaması və yeni çağırışlara ayaq uydura bilməmələri çap mediasının Azərbaycanda getdikcə tarixə qovuşmasına gətirib çıxardı. Araşdırsaq görərik ki, bu gün dünyada bir çox qəzetlər onlayn formada dərc olunur. Yəni artıq qəzet çapı iqtisadi tələbə uyğun gəlmir. Dövlət tərəfindən ayrılan yardımlar sayəsində ayaqda qalan qəzetlərin yeni çağırışlara ayaq uydurmaması vəziyyəti bu yerə gətirib çıxarıb.

Eyni zamanda, reklam bazarı məsələsində çap mediası istənilən səviyyədə ola bilmədi, yeni imkanlar yarada bilmədilər. Yardım ala bilməyən qəzetlər ümid edirik ki, onlayn formada fəaliyyətlərini davam etdirəcəklər,” – deyə o bildirib.

Məsələ ilə bağlı fikirlərini bölüşən “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər bildirib ki, bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada qəzetə olan münasibət dəyişib:

media-20221001042001_photo02aox5

“Əlbəttə, bir dövrün qapanması ağır prosesdir. Ancaq burada birmənalı olaraq maliyyə verən tərəfi günahlandırmaq ədalətli yanaşma deyil. Birincisi, qəzetlərə maliyyə yardımı birdəfəlik kəsilməyib, bu, 5000+3000 düsturu ilə davam etdiriləcək. Beş min manat qəzetin çap və digər xərclərinə, digər üç min isə qəzetin onlayn resursuna ayrılacaq. Onlayn medianın üzərində həftəlik bir vacib mövzunu yazmaq varsa, eləcə də qəzetlərdən də o maliyyə ilə həftədə bir dəfə qəzet çıxartmaq tələbi qoyulub. Ancaq imkanı və resursu olan qəzet istərsə, həftədə yeddi dəfə də yayımlana bilər ki, vaxtı ikən Azərbaycan mətbuatı belə bir dövrdən keçib. Bir neçə qəzet 2000-ci illərdə həftədə yeddi dəfə nəşr olunur və yüksək tirajla da satılırdı. O zaman mediaya ən böyük dəstək nadir hallarda dövlət tərəfindən kağızla bağlı mətbəə borclarının silinməsi olurdu. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada qəzetə olan münasibət dəyişib”.

A. Ələsgər qeyd edib ki, 2010-cu ildən sonra dünyanın ən tirajlı qəzetləri belə 70-80 faiz oxucu itirib:

“Gənc nəsil, demək olar ki, qəzet oxumur. Yaşlı nəsil də yavaş-yavaş rəqəmsalla barışmaqdadır. Bu baxımdan, qəzetin çapı ilə bağlı qərarı nizə ilə qarşılayanlar onlayn resurslarının inkişafına üstünlük versələr, daha operativ media ortaya qoya bilərlər. Bu gün onlayn mediada uğur qazananların əksəriyyəti qəzetin şinelindən çıxanlardır. Buna görə də dotasiya ilə heç kimin oxumadığı qəzet çıxartmaq yerinə, o enerjini sayt və sosial platformalara daşıyaraq bu sahədə ciddi uğur əldə edə bilərlər. O da nəzərə alınmalıdır ki, qəzet media tarixində önəmli bir yer tutsa da, prosseslərə təsir gücü, tiraj və reklamla fəaliyyətini davam etdirə bilməməsi gerçəkliyi var və bunların pozitivə dönmə ehtimalı sıfıra bərabərdir. Bu səbəbdən də Medianın İnkişafı Agentliyinin əsas prioritetinin çap mediasının saxlanması deyil, keyfiyyətli jurnalistikanın rəqəmsalda dayanıqlı inkişafı olduğunu görür və dəstəkləyirik,” – deyə fikrini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa