İlham Əliyev Rusiyanın Azərbaycan səfirliyinə hücumunu pislədi - YENİLƏNDİ
Noyabrın 14-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Yenicag.az xəbər verir ki, V. Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Dövlət başçısı da, öz növbəsində, ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı Vladimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
***
Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevlə Vladimir Zelenski arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə V.Zelenski “X” hesabında paylaşım edib.
Ukrayna lideri paylaşımında İlham Əliyevin Rusiyanın Kiyevi raket atəşinə tutması nəticəsində həlak olanlarla bağlı başsağlığı verdiyini diqqətə çatdırıb:
“İlham Əliyevə dəstəyinə və xalqımıza başsağlığı verdiyinə görə minnətdaram. Ötən gecə rusiyalılar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron və raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə edilib. Təəssüf ki, Azərbaycan Səfirliyi də daxil olmaqla, obyektlərə ziyan dəyib”.












