Overçukla Paşinyanın görüşü GƏRGİN KEÇDİ – Moskvadan növbəti XƏBƏRDARLIQ
Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanda səfərdə olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk arasında gərgin söhbət baş tutub. Ermənistan hakimiyyətinə yaxın mənbələrin məlumatına görə, Moskva da Tehran kimi, Paşinyanın verdiyi təminatlara etibar etmir.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, Rusiya tərəfi xəbərdarlıq edib ki, əgər yeni yol layihəsində gömrük nəzarətini Ermənistanın müvafiq qurumları həyata keçirməzsə, İrəvan Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərini pozmuş olacaq.
Xatırladaq ki, Aİİ-nın əsas şərtlərinə görə, ittifaqın vahid gömrük məkanından keçən bütün mallar vahid gömrük nəzarətindən keçirilməlidir. ABŞ-nin təşəbbüsü ilə Naxçıvana ticarət yolu açacaq layihə isə bu prinsipi sual altına qoyur.
Mənbələrin bildirdiyinə görə, Paşinyan fakt qarşısında qalıb: ya Ermənistanı Aİİ-dən çıxarmağa qərar verəcək, ya da Moskvanın sanksiyaları və ittifaqdan uzaqlaşdırılması ilə üzləşəcək.
Rafi Müslümov