"Öz müharibənizə baxın!" – Tramp Putinə qırmızı XƏTT ÇƏKDİ
“Tramp həmin cavabı ilə həm də Rusiyaya yerini göstərir.”
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, ABŞ Prezidenti Donald Trampın Rusiyalı həmkarı Vladimir Putinə Ermənistan və Azərbaycanla bağlı “narahat olmamağı”, Ukrayna ilə müharibəni dayandırmağı tövsiyə etməsi ilə bağlı sərt ritorikasını şərh edib.
Siyasi şərhçi bildirib ki, Trampın həmişə maraqlı ritorikası olub. Onun çıxışlarında bunu müşahidə etmək mümkündür. Buna görə də Putinə bu formada cavabı gözləniləndir.
“Əslinə qalsa, Trampın cavabı aqressiyanı yox, reallığı əks etdirir. Rusiya keçmiş postsovet regionunda birbaşa özünün iştirakı ilə dördüncü ili tamam olacaq bir müharibəyə başlayıb. Ukraynanın əhəmiyyətli hissəsi işğal altındadır. Tramp prezident seçilərkən tezliklə müharibəni bitirəcəyini düşünürdü. Lakin Rusiyanın böyük iddiaları ilə qarşılaşdı. Danışıqlar, görüşlər nəticə vermədi. Nəticədə isə Trampın Putinə qarşı etimadı azalıb.
Tramp Putinin məqsədlərini bilir. Buna görə də Rusiyanın arzuladığı görüşlərdən imtina edir. Rusiya rəsmilərinin bütün variantlarda səsləndirdiyi görüş təklifləri Tramp tərəfindən qəbul edilmir. Trampın Rusiya Prezidentinə Azərbaycanla bağlı cavabı isə tam məntiqlidir. Bu, başqa ölkəni müzakirə etmək əvəzinə, özünə aid müharibə ilə maraqlan mesajıdır.
Bu cavabın arxasında duran başqa ciddi məqamların olduğunu diqqətdən qaçırmaq olmaz. Tramp həmin cavabı ilə həm də Rusiyaya yerini göstərir. Azərbaycanla olan dinamik əlaqələrin inkişafını bir daha təsdiqləyir.
ABŞ-Azərbaycan əlaqələrinin müsbət dinamikası göz önündədir. Avqustun 8-də Ağ Evdə Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanması və onun çıxışının şəxsən Tramp tərəfindən bir neçə dəfə sosial platformada paylaşılması göstərdi ki, səmimi, işgüzar münasibətlər mövcuddur. Reallıqdır ki, ABŞ-Azərbaycan əlaqələri Bayden administrasiyası dönəmindəki münasibətlərdən kəskin şəkildə fərqlənir.
Trampın Ermənistan-Azərbaycan sülh platformasındakı rolu, Zəngəzur dəhlizi – TRİPP layihəsinin fəaliyyətə başlaması ilə bağlı qərarları bir daha bunu əyani olaraq təsdiqləyir. Putinə bu şəkildə cavab həm də Azərbaycanla ikitərəfli və strateji müttəfiqlik əlaqələrini gücləndirməklə ABŞ-ın Cənubi Qafqazda əsas aktor olmasını çatdırmaqdır,” – deyə o bildirib.
Nəsimi Ələsgərli












