“Xarici ticarətin liberallaşdırılması istiqamətində növbəti mühüm addımlar atıldı. O cümlədən, investorlar üçün zəruri olan 7 mindən çox xammal və malın gömrük rüsumları ləğv edilib. Gömrük ərazisində sadələşdirilmiş emal proseduru tətbiq edilib”.
Yenicag.az xəbər verir ki, bunu 2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun (TIIF-2023) açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Mirziyoyev bildirib ki, Özbəkistan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün zəruri addımları atır:
“Xarici ticarət fəaliyyətini və rəqabət mühitini yeni səviyyəyə qaldırmaq, yeni bazarları inkişaf etdirmək üçün Ümumdünya Ticarət Təşkilatına daxil olmaq işini sürətləndirmişik. Vurğulamaq lazımdır ki, Ümumdünya Ticarət Təşkilatının tələbləri islahatlarımızın mahiyyətinə tam uyğundur və biz ən qısa zamanda bu mötəbər quruma qoşulmağı qarşımıza məqsəd qoymuşuq. Hazırda üzv ölkələrlə danışıqların aparılması və milli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğunlaşdırılması istiqamətində iş aparılır. İlin sonuna qədər nəzərəçarpacaq nəticələr əldə etmək üçün konkret planlarımız var”.
www.yenicag.az