Xalq artisti: Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir”
“15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, ustad tarzən Möhlət Müslümov deyib.
O, həmin günlərdə Azərbaycanı düşdüyü ağır vəziyyətdən xalqın xilaskarı olan Ulu Öndərin çıxardığını bildirib:
“Bugünkü müstəqil, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. O vaxt ölkəmizdə çətin vəziyyət idi, nələr gəldi başımıza. Yadımdadır ki, gənclərdən tutmuş ağsaqqallara qədər hamı arzulayırdı ki, kaş Ulu Öndər Heydər Əliyev gəlib, bizi bu bəladan qurtaraydı. Allah ona qəni-qəni rəhmət etsin. Gəldi və bizi bu bəladan qurtardı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başladı. Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoydu. Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırıldı və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyuldu. O xəbəri eşidəndə Macarıstanda qastrol səfərində idik. Sevincimizdən uçmağa qanadımız yox idi, bu gözəl hadisəni orada qeyd də etdik. Heydər Əliyev elə bir güclü, qüdrətli siyasətçi və şəxsiyyət idi ki, nəinki Azərbaycana, bütün dünyaya prezidentlik etməyə qadir idi.
Ulu Öndərin qüdrətli siyasətinin uğurlu davamçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu gün Qarabağda həyat qaynayır, insanlar o torpaqlarda xoşbəxt yaşayır. Xarici ölkələrə gedəndə açıq alınla, qürurla “Qarabağ şikəstəsi”ni səsləndiririk. Bu gün Qarabağda məscidlərimizdə azan səsi, torpaqlarımızda muğam səsi eşidilir. Çox xoşbəxt xalqıq ki, Allah bizə Ulu Öndər kimi düha və onun siyasətini uğurla davam etdirən İlham Əliyev kimi qüdrətli Prezident lütf edib”.













