Günay Ağamalı: “15 İyun dövlətçiliyimizin xilası və inkişaf yolunun başlanğıcıdır”

media-hightechnic-468x90

 

media-banner_tkm

“15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş yaradan, dövlətçiliyimizin xilası və müasir Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirildiyi tarixi gündür.”

Bu sözləri Yenicag.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı bildirib.

Deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana dönüşü və ölkəni düşdüyü çıxılmaz vəziyyətdən xilas etməsi barədə danışıb:

“15 İyun Azərbaycanın dövlətçilik tarixində xilasın, sabitliyin və inkişafın başlanğıcıdır. Bu gün xalqın öz dövlətini qorumaq iradəsinin, milli həmrəyliyin və gələcəyə inamın təntənəsidir. 1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə hökm sürən xaos, anarxiya və idarəetmə böhranı dövlətimizi parçalanmaq təhlükəsinə sürükləyirdi. Belə bir ağır məqamda xalq öz xilasını böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyində və qətiyyətində gördü.”

G. Ağamalı qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycanın tarixində dönüş nöqtəsi oldu:

“Həmin tarixdə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. O gündən etibarən dövlətçilik ənənələri bərpa edildi, sabitlik təmin olundu, qanunun aliliyi möhkəmləndirildi və Azərbaycanın gələcək inkişaf strategiyasının əsasları formalaşdırıldı. Ulu Öndərin rəhbərliyi ilə ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas edildi, dövlət institutları yaradıldı, iqtisadi dirçəlişin təməli qoyuldu.”

Deputat bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər nəticəsində bu arzu gerçəyə çevrildi. Prezidentin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ ifadəsi Ulu Öndər Heydər Əliyevin Qarabağın azadlığı ilə bağlı arzusunun reallığa çevrildiyini göstərir.”

G. Ağamalı fikirlərini bu şəkildə yekunlaşdırıb:

“Milli Qurtuluş Günü bir daha sübut edir ki, xalqın taleyində həlledici məqamlarda güclü liderlik, milli birlik və dövlətçilik təfəkkürü ən vacib amillərdir. Bayram münasibətilə bütün xalqımızı təbrik edir, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq, dövlətimiz və xalqımız yeni zirvələr fəth edəcəkdir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05