“İdmanın istənilən növü ilə məşğul olan şəxslər həm psixoloji, həm də fiziki olaraq bu cür hadisələrə qarşı adekvat tədbirlər görmək barədə ilkin bilikləri mövcud olur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında insan həyatına təhlükə yaradacaq hallar və belə vəziyyətlərə dair bilik və bacarıqların olmasının vacibliyi haqda danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
Onun sözlərinə görə, müxtəlif təlimlər vasitəsilə özünümüdafiə bacarıqlarını təkmilləşdirmək mümkündür.
“Ümumiyyətlə, kənar təhdidlər – oğurluq, qarət, soyğunçuluq kimi hallarda insanın özünün təhlükəsizliyi baxımından bilməli olduğu özünümüdafiə qaydaları var ki, fərdlər bu barədə ilkin biliklərə malik olmalıdırlar. Bunu təcrübədə keçərək, praktiki biliklərə malik olması daha yaxşı olar. İdmanın istənilən növü ilə məşğul olan şəxslər həm psixoloji, həm də fiziki olaraq, bu cür hadisələrə qarşı adekvat tədbirlər görmək barədə ilkin bilikləri mövcud olur. Lakin bunu müxtəlif təlimlər vasitəsilə özünümüdafiə bacarıqları ilə təkmilləşdirmək mümkündür. Xüsusilə riskli sahələrdə çalışanlar bu istiqamətlə təlimlərə gedir, mütəmadi kurslarda iştirak edərək, öz bilik və bacarıqlarını genişləndirirlər. Əslində, bütün insanların bu sahədə bilik və bacarıqlarının olması yaxşı olar. Lakin bəzi riskli mühafizə, sürücülük, resepşn, satıcılıq, inkasator xidməti kimi sahələrdə çalışanların da belə hadisələr zamanı nə etmək, necə davranmaları barədə bilik və bacarıqlarının olması daha vacibdir”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, idmanla məşğul olan insanlar sonralar özgüvənli olur və belə hallarda daha doğru qərar verə bilir:
“Düşünürəm ki, valideynlər də övladlarını kiçik yaşlarından idmanla məşğul olmağa cəlb etməlidir. Çünki idmanla məşğul olan insanlar sonralar özgüvənli olur və belə hallarda daha doğru qərar verə bilir. İnsanların ilk növbədə etməli olduğu şey belə təhlükəli hadisələrlə maksimum dərəcədə qarşılaşmamaqdır. Lakin belə məqam yaranarsa və imkan varsa, həmin məkandan maksimum uzaqlaşmaq lazımdır. Bundan sonra həmin sizə qarşı təhlükə yaradaq şəxsi yadda saxlamaq yaxud onun müşahidə kameralarına düşməsinə şərait yaratmaq və hüquq mühafizə orqanlarına məlumat verərək köməyə çağırmaq lazımdır”.
Mütəxəssis əlavə edib ki, əlində hər hansı silah olan şəxsin üzərinə gedərək, həyatını təhlükəyə atmaq da cəsarət demək deyil:
“Bəzən belə addımları insanlar qorxaqlıq kimi qələmə verə bilər. Lakin bu belə deyil. Əlində hər hansı silah olan şəxsin üzərinə gedərək, həyatın təhlükəyə atmaq da cəsarət demək deyil. Məqsəd ilk növbədə özünü qorumaq, bu və ya digər şəxsin zərərsizləşdirilməsi üçün addımlar atmaqdır. Düzdür, açıq havada həmin şəxs hadisə yerindən uzaqlaşa bilər. Lakin qapalı bir yerdə, məsələn, ictimai nəqliyyatda həmin şəxsin hərəkətinə mane olacaq. Bu vəziyyətdə qapalı məkanda əlimizə keçəcək hər hansı taxta, yaxud dəmir parçası ilə də həmin şəxsi zərərsizləşdirmək mümkündür. Lakin bu situasiyaya görə dəyişə bilir. İnsanlar da belə halların -üzərində zinət əşyalarının görünməsi, yaxud qaranlıq yerə avtomobili park edərək, içində əyləşmək kimi vəziyyətləri pis niyyətli insanlar üçün şərait yaratmamalıdır”.
İsmayıl Bakuvi
www.yenicag.az