PAIU Bakıda distant təhsil mövzusunda seminar keçirdi – FOTO/VİDEO
Bakıda keçirilən yeni formatlı seminar çərçivəsində Paris-Amerika Beynəlxalq Universiteti (PAIU) onlayn və distant təhsil imkanlarını yerli tələbələrə tanıdıb. Seminar həm akademik dəstək baxımından, həm də tələbələrlə qarşılıqlı əlaqənin gücləndirilməsi istiqamətində əhəmiyyətli bir platformaya çevrilib.
Yenicag.az xəbər verir ki, PAIU-nun regional koordinatoru Hazal Köseda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, universitetin məqsədi yalnız təhsil imkanlarını təqdim etmək deyil, həm də yerli ali təhsil müəssisələri ilə uzunmüddətli və dayanıqlı əməkdaşlıqlar qurmaqdır:
“Biz burada yalnız təqdimat üçün yox, həm də regionla inteqrasiya olunmaq üçün buradayıq. Tezliklə yeni “workshop”lar həyata keçirməyi planlaşdırırıq. Xaricdən dəvət etdiyimiz mütəxəssislərlə birgə, yerli tələbələr üçün çevik və layihə əsaslı proqramlar hazırlayırıq. Hədəfimiz hər kəs üçün keyfiyyətli və fərdiləşdirilmiş təhsili əlçatan etməkdir.”
H. Köseda əlavə edib ki, PAIU hazırda biznesin idarə edilməsi, marketinq, idarəetmə, data analizi və kibertəhlükəsizlik kimi sahələr üzrə aktiv əməkdaşlıq platformaları üzərində çalışır:
“Tədris ingilis və türk dillərində aparılır, lakin yaxın illərdə digər dillərin də əlavə olunması planlaşdırılır. Universitetin tədris modelinə əsasən tələbələr, həmçinin Avropada təhsil almaq imkanı qazanır, eləcə də Dubaydakı kampusda hibrid sistem əsasında dərslərdə iştirak edə bilirlər. Bu isə xüsusilə əyani təhsilə imkan tapmayan işləyən tələbələr üçün alternativ çıxış yoludur”.
Xatırladaq ki, Paris-Amerika Beynəlxalq Universiteti Fransada yerləşən, innovasiyaya əsaslanan və beynəlxalq təhsil standartlarına uyğunlaşdırılmış ali təhsil müəssisəsidir. Universitet bakalavr, magistr və doktorantura səviyyələrində geniş spektrli proqramlar təqdim edir.