Papanın ilk səfəri Qərbə dərsdir: Türkiyə qlobal sülhün yeni HƏLLEDİCİ GÜCÜNƏ İDDİALIDIR
“Roma Papası Türkiyə ilə müştərək dünyaya sülh mesajı verəcək.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Politoloq Roma Papası XIV. Leonun ilk xarici səfərini Türkiyə Respublikasına etməsinə münasibət bildirərək bu səfərin səbəblərini açıqlayıb:
“Roma Papasının xarici səfərləri fonunda ilk səfərini məhz Türkiyəyə etməsi bir neçə aspektdən dəyərləndirilə bilər. Səfərin məhz Türkiyə olmasını şərtləndirən məqamlardan biri də odur ki, mədəniyyətlərin qovşağında yerləşən Türkiyə dövlət olaraq tarixən dini müxtəlifliyə hörmət edib və dövlətçiliyinin mövcud olduğu yerlərdə dini dəyərlərin qorunması, təkallahlığa hörmət və s. kimi dövlət ənənə və vərdişinə malikdir.
Müasir Türkiyə xarici siyasətinin həlledici istiqamətlərindən biri də məhz dini müxtəlifliyə hörmət, dini və mədəni müxtəlifliyin qorunması kimi prioritet məsələlərdir.”
Yeganə Hacıyeva Roma Papasının ilk səfərini Türkiyəyə etməsinin səbəblərini açıqlayıb:
“Papanın da xaricə ilk səfərinin məhz Türkiyə olması dünyadakı qlobal transformasiyalar fonunda qlobal güc və oyunçuların yanaşmasında dünyanın özününkülərə və yadlara bölünməsi tendensiyasına Vatikanın etirazını nümayiş etdirməkdir.
Xüsusilə Yaxın Şərq regionunu ‘özününkülərə və yadlara’ bölmə yanaşması yerli xalqlar üçün siyasi kataklizmlər və faciələr gətirmişdir.
Yalnız Türkiyə dini müxtəlifliyə dözümlülük, dini müxtəlifliyin qorunmasını regionun gələcəyinin sabit zəmanəti görməsi kimi baxışlara malikdir.
Bu, Yaxın Şərqdəki və Ukraynadakı müharibədə özünü göstərməkdədir.
Yaxın Şərqdə xristian azlığın müdafiəsi istiqamətində Türkiyənin həlledici rol oynaması faktı Papaya məhz dünyaya sülh mesajları vermək istiqamətində Türkiyə ilə tərəfdaşlıq əsasında yanaşma ortaya qoymaq ehtiyacı yaradıb.
Nümunə üçün qeyd edim ki, Yaxın Şərqin Patriarxı III Feofilos Qüdsdə gərginliyin artması və müqəddəs yerlərə hücumların fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ziyarət etmək üçün İstanbula gəlmişdi.
Bu il sentyabrın 13-də Dolmabaxça sarayında Türkiyə Prezidenti R. T. Ərdoğan Patriarx III Feofilosun rəhbərliyi ilə Qüdsün xristian icmasını qəbul edib.
Qüdsün Patriarxı Feofilos elan edib ki, şəhərin xristian icmasının İstanbula səfərinin məqsədi Qüdsdə xristian irsinin qorunmasında Türkiyənin dəstəyinə nail olmaqdır.
Görüşdən sonra Patriarx III Feofilos Türkiyə prezidenti R. T. Ərdoğana qərb dünyasını şoka salan bir tablo hədiyyə edib.
Tablo, Məhəmməd Peyğəmbərin (s) ən yaxın səhabələrindən biri və müsəlmanların ikinci xəlifəsi Ömər ibn əl-Xəttabın638-ci ildə Qüdsü fəth etməsindən sonra xristianlara həyat və din azadlığı verən əhdnaməsinin orijinal sənədinin köçürməsidir.
Sadə dildə izah etsək, Qüdsün xristian Patriarxı İstanbulda açıq şəkildə bəyan etdi ki, onlar Həzrəti Ömərin xristianlara verdiyi zəmanəti Türkiyə prezidenti Ərdoğanın qaytarmasını gözləyirlər.
Qüdsün xristian icması dünyada bu qədər xristian qlobal güc ölkə rəhbəri varkən, təhlükəsizliklərinə zəmanəti Rəcəb Tayyib Ərdoğandan gözləyirlər.
Tarixdə çox nadir hallarda “Aypara və Xaçın ittifaqı” mövcud olmuşdur və bu gün bu ittifaq Tanrının şəhəri Qüdsdə üç dinin mirasını müdafiə etmək üçün Türkiyədən zəmanət istəyir.
Yeganə Hacıyeva hazırkı papanın ən çox sülh tərəfdarı olan Roma Papası olduğunu xüsusi vurğulayıb:
“Onu da qeyd etmək lazımdır ki, özündən əvvəlki Papalardan fərqli olaraq, yeni Papa Leo dünyada sülh olmamasından daha çox narahatlığını ifadə edir və dini mənsubiyyətindən asılı olmayaraq aqressoru açıq adlandırmaqdan çəkinmir.”
Nurlan Cəfəri












