İnsan çox şeyini özü seçə bilmir. Valideyinini, doğulduğu ölkəni… Nə isə…
Kompüter qarşısına keçib bir-bir ölkələri araşdırmağa başladım. Harada yaşaya bilərəm? Qeyri-adi ölkə axtarırdım. Elə bir ölkə olmalıdır ki, başqa ölkədə yaşamaq darıxdırıcı olsun.
Bir qədər araşdırandan sonra qəribə bir ölkə ilə qarşılaşıram. Bu dövlətin 7 ölkə ilə sərhədi var, ancaq o ölkəyə sadəcə hava yolu ilə getmək olar. Görən, niyə? Bəlkə, zombilər ölkəni əlinə keçirib, ona görə? Bəlkə, qəbilə formasında yaşayırlar? Deyəsən, axtardığım ölkəni tapmışam. Bu ölkəni araşdırmağa dəyər.
Bir qədər araşdırandan sonra məlum olur ki, yox, nə qəbilə, gül kimi ölkədir. Konstitutsiyası, qanunları, parlamenti, paytaxtı var. İlk paytaxtına baxıram, mətbuatlarında rəhbərinə mer deyə müraciət edirlər, ancaq seçkilər yolu ilə rəhbər olmur.
Parlamentinin çox gözəl binası var. Deputatları seçkilər yolu ilə seçilir, ancaq əhalisi sosial şəbəkədə deputatlara “təyin olunmuş” deyirlər, elə deputatlar da bunu inkar etmirlər. Necə maraqlı ölkədir. Parlamenti qanunverici orqandır, ancaq parlament seçkilərində namizədlər yol çəkir, evlərə bazarlıq edib aparır, nənə əli öpürlər. Əhalisi də qanunverici orqanda təmsil olunanları qanun layihələrinə görə deyil, onlara yol çəkdiyi, xeyirlərinə, şərlərinə yaradığı üçün kateqoriyalaşdırır. Hələ mətbuatına bir baxın. Mətbuatı da deputatları iki yerə bölüb: danışa bilənlər və danışa bilməyənlər. Yox, bu ölkəni daha dərindən araşdırmalıyam.
Konstitutsiyasında ölkədə ifadə azadlığının olduğu yazılıb. Ancaq hamı özgürlüyünün qısıtlanmasından gileylənir. Hətta bəziləri daha da qabağa gedir, icra başçılarının şahlıq yaratdığını, nazirlərin fironluq etdiyini söyləyirlər.
Siyasi partiyaları da çox maraqlıdır. Ölkədə bütün partiyalar liberal dəyərləri əsas götürüb, sağ mərkəzçidir, hakim partiyanın nizamnaməsi ilə radikal müxalifətin nizamnaməsi eynidir. Adında milli sözü olan partiya özünə solçuluq xətti tuta bilir. Prezidentin vəzifəyə təyin etdiyi şəxs prezidentliyə namizəd olur. Həmin şəxsin işçiləri, yəni dövlət qurumunun nümayəndələri hər gün dövlət baçısını, ancaq seçkilərdə müdirlərini təbliğ edirlər. Bu elə bir ölkədir ki, partiyasını qeydiyyata almaq üçün 5 min imza yığa bilməyən adam, 42 min imza ilə prezidentliyə namizəd ola bilir. Ən çox arzuladığım demokratiya. İlahi, bu ölkə “gəl-gəl” deyir.
Ölkə ağır müharibələr görüb. Torpağı işğal altında olanda ancaq sülh yolu ilə qaytaracaqlarını bəyan ediblər, nəticədə müharibə ilə qaytarıblar. 30 ildən çoxdur müstəqil olan bu ölkə yaranmazdan əvvəl müharibəyə başlayıb, hələ də müharibə şəraitində yaşayır, ancaq ən çox işlətdikləri söz sülhdür. Burada sülhü o qədər sevirlər ki, hətta ondan danışanda, onun mesajını verəndə sülh simvolu sayılan göyərçini boğub öldürürlər. Mən niyə bu ölkədə doğulmamışam, ilahi?
Mətbuatları da fərqlidir. Jurnalistlər mətbuat uğrunda külüng vurur. Maraqlıdır, görən bu ölkənin jurnalistləri öz aralarında nədən danışırlar?
İki jurnalistin votsap yazışmasını təqdim edirəm:
Habil: Qabil, nə işlə məşğulsan?
Qabil: Heç nə, ciddi bir araşdırmaya başım qarışıb.
Habil: Yenə nə eşələyirsən?
Qabil: Ölkəyə ilk dəfə daş qoyanı araşdırıram, görüm o kimdi?
İlahi, bunların jurnalistləri gör hara qədər gedir, gör nələri araşdırır? Kaş o ölkədə jurnalist olardım. Allah bilir, buna görə böyük qonorar alacaq.
Görən bu ölkədə beyin məhsulu ilə dolananlar necə yaşayır?
Bu ölkədə meyxana deyilən bir şey var. Bir-birilərinin nənələrinə ən yaxşı söyənlər bahalı həyat yaşayırlar, təhlil, analiz, elmi iş yazanlar sürünürlər. Qəribə ölkədir, beyin məhsulunu musiqili, söyüşlü deyənlər daha baha satır, digərləri alıcı tapmır. Əhalisinin alıcılıq qabiliyyəti də fərqlidir. Hamı dəyərli fikrə önəm verdiyini deyir, yazır, ancaq ən çox baxılan, izlənilən bayağı şeylərdir. Yox, bu ölkəyə köçsəm, meyxanaçı olacam.
Bu ölkədən xarici ölkəyə viza almaq o qədər də çətin deyil, ancaq bu ölkənin daxilində işğaldan azad edilmiş ərazilərə viza almaq daha çətindir. Ağılsız, şüursuz qoyun, quzu, at, eşşək, arı işağldan azad olmuş ərazilərə daha asan gedir, ağıllı insan daha çətin. Maraqlı ölkədir, orada şüursuz heyvanlar minaya düşmür, şüurlu insanlar minaya düşür. Necə ecazkar ölkə.
Bu ölkədə toyda da yeyib içmək verirlər, yasda da. Toy edənin sağlığına, ölənin goruna badə qaldırırlar. Bu ölkədə ən çox deyilən sağlıqlardan biri də araq rumkasını qaldıraraq söylənən “əsas Allahla ürəyin düz olsun” sağlığıdır.
Bu ölkədə pula əl çirki deyirlər, ancaq hamı pulun azlığından gileylənir. Bu ölkədə ən asan, sadə, hamının bildiyi şey rüşvət və korrupsiyadır, ən uzun və adı çətin tələffüz olunan qurum onunla mübarizə aparandır.
Sizi bilmirəm, yaşamaq üçün ölkəmi tapmışam. Absurdistandan köçürəm Paradoksistana…
www.yenicag.az