Parlament prezidenti istefaya göndərilir
İyunun 25-də Rumıniya parlamenti prezident Trayan Beseskunun istefasına dair bəyannaməyə səs verib. Deputatların qərarına dövlət başçısının qardaşı Mirçi Beseskunun həbsi ətrafında yaranan qalmaqal səbəb olub. Mirçi Besesku prezidenti qətlə görə məhkum olunmuş kriminal avtoritet Sandu Angelin rüşvət müqabilində həbsxanadan buraxılmasına razı salacağına söz veribmiş.
Rumıniyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Mirçi Beseskunu həbs edəndən sonra Senatın sədri Kelin Popesku-Teriçanu və baş nazir Viktor Ponta prezidenti istefaya çağırıblar. İstefa verməkdən imtina edən Besesku deyib ki, nüfuzundan xeyir götürməkdə təqsirli bilinən 60 yaşlı qardaşına görə məsuliyyət daşımır. Prezident hüquq mühafizə və xüsusi xidmət orqanlarının qardaşının işi ilə bağlı ona heç vaxt məruzə etmədiklərini vurğulayıb.
Deputatların bu gün qəbul etdikləri bəyannamədə bildirilir ki, yalnız prezidentin istefası Rumıniya ədliyyəsini vətəndaşların və beynəlxalq ictimaiyyətin gözündə qaldıra bilər.