Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Moderator.az saytına müsahibəsində Ayaz Mütəllibovun prezidentliyi dövründə fəaliyyət göstərən xalq hərəkatı liderlərini bir sıra məsələlərdə günahlandırıb: “Moskva o zamankı Azərbaycan rəhbərliyinə yardım edib topraqlarımızı azad edəndə bu Xalq hərəkatı liderlərinin bir çoxunu qıcıqlandırırdı. İstəmirdilər ki, o vaxtkı hakimiyyət bunu etsin. Qorxurdular ki, əgər hakimiyyətdəki şəxs bunu edərsə, xalq arasında mövqeyi möhkəmlənəcək və o hakimiyyətə gələ bilməyəcək”.
T.Kərimlinin bu açıqlaması AXC dövrünün bir çox tanınmış simalarının narazılığına səbəb olub. Onun bu fikrinə etiraz edənlərdən biri də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.
O, Yenicag.az-a açıqlamasında T. Kərimlini satqın adlandırdı: “Bilirsiniz necədir, Tahir Kərimli özünü itirib. Əvvəldən də o, diz çökməyə öyrənmiş adamdır. Bunu onun özünə də demişəm. T. Kərimli satqın adamdır. AXC dövründə Ali Məhkəmənin sədri idi. İndi də 20 Yanvar və Xocalı soyqırımını törədənlərə bir daha Azərbaycanı təslim etmək istəyirlər. Ayaz Mütəllibov Azərbaycanın prezidenti olub, ona hörmətim var. Amma guya “A. Mütəllibov Rusiyanın köməyilə Dağlıq Qarabağı qaytarırdı, amma AXC daxilində olan insanlar bunu qoymadılar” kimi fikirlər yanlışdır. Onda Tahir Kərimliyə demək lazımdır ki, AXC hakimiyyəti belə bir xəyanət etmişdisə, niyə bu hakimiyyət dövründə Ali Məhkəmənin sədri olmusan və bu zaman həmin məsələləri qabarmamısan? Niyə etiraz olaraq istefa verməmisən?
Təyin olunmuş deputat tərəfindən belə məntiqsiz danışmaq yaraşmır. Özünə də demişəm, o qədər psixoloji təsir altında qalıb ona-buna yalvarıb, sonda çağırıb tapşırıq verdilər, həmin tapşırıqları yerinə yetirə bilmirsə, gedib sakitcə otursun. Kimisə qaralamağa ehtiyac yoxdur. Bu gün Azərbaycan dövlətinin suverenliyi böyük bir təhlükə altındadır. Ona görə də hamımız bu təhlükənin aradan qaldırılması uğrunda mübarizə aparmalıyıq. Burada AXC haqqında şər-böhtan atmaq yaraşmayan söhbətdir. Nöqsanlarımız var, onları aradan qaldırmaq üçün birgə addımlar atılmalıdır. Yoxsa, T. Kərimli teledebatlarda birlikdə olanda deyirdi ki, Türliyə səhv edir, Rusiya haqlıdır. Bu ona yaraşmaz bir hərəkətdir. Adətən təyin olunmuş insanların danışması da belə olur”.
ELÇİN
www.yenicag.az