Paşinyan üçün gerisaym BAŞLADI: Təhlükəsizlik Şurası 2026-cı il fəlakətini MÜZAKİRƏ ETDİ
“Bu seçkilər kifayət qədər gərgin keçəcək və Paşinyan üçün gözlənilməz nəticələrlə yadda qala bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Təhlükəsizlik Şurasını çağırmasını seçki öncəsi görüləcək tədbirlər istiqamətində şərh edib.
E. Mirbəşiroğlu bildirib ki, hazırda dünyada ciddi proseslər cərəyan edir. Ermənistanın özünü də qarşıda taleyüklü siyasi proses gözləyir:
“2026-cı ilin iyun ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Ermənistanın daxili siyasi vəziyyətində gərginlik elementləri kifayət qədər artıb. Paşinyanın kilsə ilə münasibətlərində problemlər mövcuddur. O, kilsəyə münasibətdə sərt addımlar atmaq niyyətindədir. Uzun müddətdir ki, kilsəni tam şəkildə öz nəzarəti altına almağa çalışır. Kilsənin idarə olunmasının dövlət tərəfindən həyata keçirilməsi ideyası da ona məxsusdur.
Təhlükəsizlik Şurasının iclasında aktual məsələlər müzakirə olunur. Bu məsələlər həm Ermənistanın daxili vəziyyəti, həm də yaxın coğrafiyalarda baş verən proseslərlə əlaqəli ola bilər. İclas haqqında məlumatı Ermənistan Parlamentinin Müdafiə və Milli Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan verib. O bildirib ki, ölkə üçün əhəmiyyətli hesab olunan məsələlər müzakirə ediləcək.
Ermənistan üçün aktual məsələlər nələrdir? Birincisi, sözsüz ki, qarşıdan gələn parlament seçkiləridir. Paşinyan son dövrlərdə çıxışlarında seçkilərə xüsusi diqqət yetirir. Bu seçkilər kifayət qədər gərgin keçə, Paşinyan üçün gözlənilməz nəticələrlə yadda qala bilər. Həmçinin seçkilərdən sonra Konstitusiyaya dəyişikliklərin edilməsi, sərhədlərin təhlükəsizliyi məsələsi də gündəmdədir.
Ermənistan üçün qarşıda duran əsas məsələlərdən biri də Azərbaycanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması prosesidir. Ermənistanın bu istiqamətdə praktik addımlar atmasının zamanı çatıb.
Bir sözlə, Təhlükəsizlik Şurasında müzakirə olunacaq məsələlər çoxdur. Hələlik geniş məlumat ictimailəşdirilməyib. Yəqin ki, iclasın nəticələri barədə məlumat verildikcə vəziyyət daha da aydınlaşacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












