“Əfsuslar olsun ki, müasir dönəmdə belə sözdə “erməni soyqırımı” məsələsi demək olar ki, hər bir erməninin beynində kök salan məfhumlardan və miflərdən biridir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Analitik Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “erməni soyqırımı” ilə bağlı xalqa müraciətində səsləndirdiyi ifadələrə münasibət bildirib.
S. Zahidov isə söyləyib ki, bu gün bir çox erməni bunun real olmasına inanır.
“Halbuki tarixi reallıqlar onu göstərir ki, tarixdə heç vaxt belə bir hal baş verməyib, sadəcə, həmin dövrdə Osmanlı dövləti Birinci Dünya müharibəsində fərqli cəbhələrdə döyüşdüyünə və onun daxilində çar Rusiyasının şirnikləndirməsi nəticəsində Osmanlıya qarşı üsyan qalxdığına görə, hakimiyyətdə olan Ənvər paşa, Camal paşa və Tələt paşadan ibarət tirumvirat qərara aldı ki, ermənilərin müəyyən hissəsini üsyan baş verməsin deyə Şərqi Anadoludan köçürsünlər”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, məsələ burasındadır ki, həmin hadisələrə qədər ermənilər üsyan qaldırıb, Osmanlı dövləti ərazisində üsyanlar qaldırıb, türklərə qarşı qırğınlar törədirdilər. Yəni bu problem həll olunsun və Osmanlı rahat şəkildə digər cəbhələrdə hərbini davam etdirsin deyə, ermənilərin müəyyən qisminin köç edilməsi qərara alındı. Lakin burada hansısa soyqırımından, qətliamdan söhbət belə gedə bilməz. Əgər söhbət soyqırımıdırsa, onda necə olur ki, bu gün belə Türkiyənin bir çox yerlərində on minlərlə erməni yaşayır?”, – o, söyləyib.
S.Zahidovun sözlərinə görə, məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ermənilər artıq 100 ildən çoxdur, bu mifə inanırlar və bunu maksimum şəkildə yayıb, təbliğ etməyə çalışırlar:
“Sözsüz ki, bu məfhumlara inam XX və XXI əsrlərdə ermənilərin əsas problemlərindən biridir. Qonşularının Ermənistana qarşı münasibətinin kökündə də məhz elə onların bu kimi miflərə inanması və bu yöndə siyasət yürütməsi dayanır.
O ki qaldı Nikol Paşinyanın bununla bağlı olan sonuncu açıqlamasına, düşünürəm ki, baş nazirə qarşı son vaxtlar daxildə müəyyən qədər narazılıq artıb. Xüsusilə də 4 kəndin qaytarılmasından sonra ona qarşı narazılıqlar çoxalıb. Hətta həmin 4 kəndə bir neçə silahlı daxil olsa da, Ermənistan polisi onları oradan çıxardı. Belə olan halda, Paşinyanın daxili auditoriyanın “kürəyini ovxalaması”, onların simpatiyasını yenidən qazanması vacib amil idi. Bunların fonunda onun söylədikləri, əslində, təəccüb doğurmamalıdır.
Hazırda Paşinyan 2 cəbhədə mübarizə aparır. Həm beynəlxalq cəbhədə ona təzyiq göstərənlər var, həm də daxildə onun siyasətindən narazı olan qüvvələr mövcuddur ki, baş nazir onları nəzərə alıb, simpatiyalarını qazanmaq üçün “soyqırımı” ifadəsini işlətdi”.
Rafi Müslümov
www.yenicag.az