Paşinyanın dəhliz bəyanatı nə anlama gəlir? – Delimitasiyada YENİ MƏRHƏLƏ

media-hightechnic-468x90

“Ermənistan rəhbərliyinin anklavlar məsələsini yenidən gündəmə gətirməsi də təsadüfi görünmür və bu, bölgədə yaxın aylarda sürətli və nəticəyönümlü delimitasiya prosesinin baş verə biləcəyini göstərir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

media-asif0nerimanli-3-900x600-1

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərə gələn ildən başlanacağı ilə bağlı bəyanatını şərh edib.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi barəsində Paşinyanın və sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryanın “TRİPP layihəsi Zəngəzurda qeyri-adi demarkasiya prosesinin baş verə biləcəyi” barədə açıqlaması bölgədə proseslərin sürətləndiyini göstərir.

“Vaşinqton anlaşmasından sonra ABŞ nümayəndə heyətlərinin İrəvana intensiv səfərləri də layihənin reallaşdırılması üçün Ermənistanın tələsdirildiyi təəssüratını yaradır. Lakin dəhlizin fəaliyyətə başlaması üçün keçid istiqamətlərində sərhədlərin delimitasiyası zərurət olaraq qalır ki, bu da daşımaların təhlükəsizliyi və digər ölkələrin dəhlizdən istifadəsi baxımından vacibdir.

Delimitasiya həm Zəngilan–Mehri xətti, həm də Qərbi Zəngəzur–Naxçıvan sərhədi üzrə aparılmalıdır. Bu isə SSRİ dövründə Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi nəticəsində yaranmış itkilərin taleyi ilə bağlı suallar doğurur. Alma-Ata bəyannaməsinə istinad və müzakirə olunan sülh sazişində sovet dövrü xəritələrinin əsas götürülməsi bu ərazilərin qaytarılmasını çətinləşdirsə də, Qriqoryanın vurğuladığı “qeyri-adi delimitasiya” ehtimalını artıran məqamlar da mövcuddur. Qazax istiqamətində 4 kəndin Bakıya qaytarılması presedenti və tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi barədə razılaşma delimitasiya nəticələrinin danışıqlar gedişatından asılı ola biləcəyini göstərir. Bu kontekstdə rəsmi Bakının Zəngəzur dəhlizi üzrə sərhəd müəyyənləşməsində maksimum nəticəyə nail olmağa çalışacağı gözləniləndir.

Gözlənilən proseslər çərçivəsində Kərki anklavının azad edilməsi perspektivi də aktuallaşır. Paşinyanın Sovet dövründən qalan Horadiz–Mehri–Arazdəyən–Ordubad dəmir yolu xəttinin marşrutunun dəyişməz qalacağını bildirməsi, Arazdəyən istiqamətində delimitasiya üçün Kərki məsələsinin həllini zəruri edir. Son günlər Ermənistan rəhbərliyinin anklavlar məsələsini yenidən gündəmə gətirməsi də təsadüfi görünmür və bölgədə yaxın aylarda sürətli və nəticəyönümlü delimitasiya prosesinin baş verə biləcəyini göstərir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa