Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasında Ovik Ağazaryanın partiyadan xaric edilməsi ilə başlayan proses davam edir.
Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, o, Ermənistan Milli Məclisinin İqtisadi Məsələlər üzrə Daimi Komissiyasının tərkibindən də çıxarılıb və yerinə Baş nazirin keçmiş müşaviri Aleksandr Avetisyan təyin olunub.
Erməni nəşri yazır ki, Ağazaryan daha əvvəl həmin komissiyanın tərkibində partiyanın kvotasına əsasən, yer almışdı. Partiyadan xaric edildikdən sonra o, eyni zamanda, iştirak etdiyi beynəlxalq nümayəndə heyətlərindən də uzaqlaşdırılıb.
Qeyd edək ki, O. Ağazaryanın vəkili bəyan etmişdi ki, yanvarın 20-də başlayacaq Milli Məclis iclaslarında baş prokuror onun toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət qaldıra bilər. Lakin dünənə qədər bu məsələ ilə bağlı deputatlara heç bir müraciət təqdim edilməyib.
Bundan əlavə, qəzetin məlumatına görə, son ay yarım ərzində Ağazaryana hüquq-mühafizə orqanları tərəfindən də faktiki olaraq təzyiq göstərilməyib.
“Halbuki, daha əvvəl Baş nazir Paşinyanın mandatdan imtina çağırışından sonra onu müxtəlif işlər üzrə, demək olar ki, hər gün dindirməyə çağırırdılar. Argişti Kyaramyan işi ilə bağlı isə proses də dalana dirənib. Yəni İstintaq Komitəsinin keçmiş rəhbərinə qarşı irəli sürülən və Ağazaryanın oğlunun cinayət işi üzrə vəsatət qaldırdığı iddiasını təsdiqləyən heç bir dəlil tapılmayıb”, – deyə KİV-də qeyd olunub.
Rafi Müslümov
www.yenicag.az