Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının (VM) deputatı Hayk Sarkisyan vaxtilə inqilab dövründə Nikol Paşinyanın “qoruyucu mələyi” kimi tanınırdı. Sarkisyan ona su gətirir, stəkanını tuturdu. Lakin son hadisələrdən sonra Sarkisyanın Paşinyanın “qara siyahısına” düşdüyü bildirilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzetin hakimiyyətdaxili mənbələri bildirib ki, münaqişə VM-nin partiya aktivinin toplantısında Hayk Sarkisyanın meşələrin qırılması ilə bağlı hesabatı və Tavuş quberniyasının qubernatoru, Paşinyanın uşaqlıq dostu və xaç atası Hayk Qalumyan arasında yaranan qarşıdurmadan qaynaqlanır.
KİV əlavə edib ki, həmin qarşıdurmadan sonra Paşinyan Sarkisyanın maraqlarının motivasiyasının araşdırılmasını tapşırıb.
Partiyada hesab edirlər ki, Hayk Sarkisyanı çətin günlər gözləyir, çünki iclas zamanı Paşinyan açıq şəkildə Qalumyanın tərəfində dayanıb. O, Sarkisyanı tənqid edərək bildirib: “Hamını məhkəməyə vermək istəyirsiniz? Problem varsa, onu aradan qaldıraq, məhkəməyə çıxarmayaq”.
Nəşrin fikrincə, bu mövqe ölkədə təsdiq olunmamış ittihamlarla insanların həbslərinin davam etdiyi bir vaxtda xüsusi diqqət çəkir:
“Daha maraqlısı odur ki, meşələrin qırılması mövzusu çərşənbə axşamı partiyanın idarə heyətində də müzakirə edilib. Lakin həmin müzakirələrə yalnız Ekologiya naziri Akop Simidyan və Tavuş qubernatoru Hayk Qalumyan dəvət olunub. Meşə problemlərini ictimailəşdirən Hayk Sarkisyan isə çağırılmayıb. Bu da göstərir ki, qubernator və nazir Paşinyanın razılığı ilə fəaliyyət göstərir və meşələrin vəziyyətini ört-basdır etməyə çalışırlar”.
Xatırladaq ki, Sarkisyan ailəsi Nikol Paşinyanla uzunmüddətli əlaqələrə malikdir. Hayk Sarkisyanın əkiz qardaşı Nairi Sarkisyan 2018-c il inqilabından sonra Paşinyanın köməkçisi olub. O, 2022-ci ilin yanvarında heç bir səbəb göstərilmədən vəzifəsindən azad edilib və son vaxtlarda hakimiyyəti yumşaq tonda tənqid etməyə başlayıb
Rafi Müslümov
www.yenicag.az