“Paşinyanın RADİKAL çıxışları seçki öncəsi OYUNUDUR!" – “Biz Qərbi Azərbaycana öz maşınlarımızla qayıdacağıq”
“Ermənistan rəhbərliyini dəhlizin adı yox, görməli olduğu işlərin görülməməsi narahat etməlidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Deputat Türkiyə XİN rəhbəri Hakan Fidanın “Zəngəzur dəhlizi” haqqındakı fikirlərinə Ermənistan baş naziri Paşinyanın etirazını dilə gətirməsinə cavab verərək onu sərt tənqid edib:
“Ümumiyyətlə, son zamanlar Paşinyanın çıxışlarındakı hər məsələyə iki kontekstdən yanaşmaq lazımdır. Birinci məsələ dövlətçilik maraqlarıdır ki, Paşinyan bunu qorumalıdır. Ona görə də o, Azərbaycanla münasibətlərə real yanaşaraq Ermənistanın konsepsiyasını irəli sürür. İkinci məsələ isə seçki öncəsi daxili auditoriyaya və müxaliflərə yönəlik fikirlərdir ki, burada əgər bir az Paşinyan radikal görünməyə çalışırsa, bunun altında daxili auditoriyaya xitab etmək və müxalifətdir. Hər bir halda Paşinyan bilir ki, həmin yolun adı həm “Zəngəzur dəhlizi”, həm də “Tramp marşrutu”-dur. Həmin ərazilər Zəngəzur əraziləridir. Paşinyan özü də çox gözəl bilir ki, ora Azərbaycan torpaqlarıdır. Bu gün biz heç bir Ermənistan ərazisinə iddia etmirik, biz Ermənistan deyilik. Bizim Ermənistanın mövcud sərhədlərini bildiyimiz kimi, Ermənistan da Azərbaycanın suverenliyini təsdiq edən bəyanatlar səsləndirib. Cənab Prezidentin də dediyi kimi, bizə öz torpaqlarımız lazımdır, özgəsinin torpağı yox.”
“Paşinyan və erməni cəmiyyəti narahat olmasın, bizim əgər Qərbi Azərbaycan İcmasının Ermənistana qayıtması məsələsi bu gün gündəmdədirsə, biz bununla bağlı öz siyasətimizi aparırıq, amma bunun kökündə biz hər hansı bir güc yolu ilə deyil, dinc, sülh yolu ilə və Cənab Prezident demişkən, öz avtomobillərimizlə ora getməyi düşünürük və insanlar öz haqqını almalıdır.”
Deputat Türkiyə Xarici İşlər naziri Hakan Fidanın ərazini “Zəngəzur dəhlizi” adlandırmasına Paşinyanın etiraz etməyinə də toxunub:
“Paşinyanın Hakan Fidanın fikirlərinə etiraz etməsi də bu məsələdə o, yaxşı bilir ki, onların sülh yolu dediyi ərazi “Zəngəzur dəhlizi”-dir. Bu onun tarixi adıdır və dəhliz də belə adlanır. Biz buna həm “Zəngəzur dəhlizi”, həm də “Tramp marşrutu” deyə bilərik. Burada hər hansı narahat olmağa ehtiyac yoxdur. Əsas odur ki, Ermənistanın baş naziri onun qarşısında olan tapşırıqları həll etsin və Ermənistanda seçkilər keçirərək konstitusiyanı dəyişdirib, eyni zamanda bu dəhlizin ətrafındakı məsələləri həll etsin. Çünki Azərbaycan tərəfi işləri sona çatdırmaq üzrədir. Ermənistan tərəfindən isə hələ də müsbət addım atılmayıb. Ermənistan tərəfi bu məsələdə diqqətli olmalıdır.”
Nurlan Cəfəri












