Patrik Uolş: “İsrail İranda demokratiya yox, xaos görmək istəyir”
“İranın gələcəyi ilə bağlı bir neçə mümkün ssenari var. Hazırda nəzarətdən çıxan etirazlar fonunda Xameneyinin Moskvaya qaçması ilə bağlı tirajlanan xəbərlər gündəmi zəbt edib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi şərhçi Patrik Uolş deyib.
Siyasi şərhçi bu proseslərdə gözlənilən variantları belə şərh edib:
“Ən əlverişli variant hazırkı institutlar qorunmaqla, İran prezidentinin dəstəklədiyi xətt üzrə islahatlara məcburetmə ola bilər. Daha az əlverişli ssenari isə ABŞ Prezidenti Donald Trampın Venesuelada həyata keçirdiyi kimi ‘rejim dəyişikliyinə’ məcbur etmədir.
Aydındır ki, İsrail İranda funksional demokratiya yox, xaos görmək istəyir. İsrailin İrana, yəni düşmənə ehtiyacı var. Əgər İran düşmən kimi təqdim olunmasa, ABŞ niyə İsrailə maliyyə və siyasi dəstək versin? MAGA tərəfdarları bunu artıq açıq şəkildə dilə gətirirlər. Əgər Tramp İranda rejim dəyişikliyinə gedərsə, deməli, proseslər Netanyahunun tələbi ilə həyata keçirilib. Bu isə son dərəcə təhlükəli siyasətə çevrilə bilər.
Hesab edirəm ki, Türkiyə Baş Qərargahı bu cür xaos ssenarilərini artıq müzakirə edib. Hazırkı narazılıqlar əsasən iqtisadi xarakter daşıyır və prinsip etibarilə həll edilə bilər. Əsas sual budur: ABŞ funksional İran istəyir, yoxsa işğaldan sonrakı İraq tipli xaos?
Venesuela məsələsi hələ bağlanmayıb. Orada əldə olunan nisbi uğur təhlükəli ambisiyaları təşviq edə və bu yanaşmanın İrana da tətbiq olunması riskini artıra bilər. İran ruhanilərsiz necə bir ölkə olar? Tarixçilər ruhanilərin İran tarixindəki rolunun nə qədər mühüm olduğunu yaxşı bilirlər. 1918-ci ildə Almaniyada Kayzeri hakimiyyətdən uzaqlaşdıranda da düşünürdülər ki, ölkəni parlaq gələcək gözləyir. Nəticədə isə Avropa bunun ağır bədəlini ödəməli oldu”.
Nəsimi Ələsgərli












