Pezeşkian rejimə XƏBƏRDARLIQ EDİR? – "Vəziyyətimiz kritikdir, Xamneyi ölkəni zülmə aparır"
“İran dövləti Ali Rəhbərin səhv qərarlarının əsirinə çevrilib, gələcək qaranlıqdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov deyib.

Politoloq İran prezidenti Məsut Pezeşkianın “İranı bu hala insanlara qarşı ayrı-seçkilik salınması salıb” bəyanatının pərdəarxası mesajlarını şərh edib.
S.Hümbətovun fikrincə, prezident bu çıxışı ilə Ali Dini Rəhbərə ciddi xəbərdarlıq ünvanlayır:
“Pezeşkian əslində bu açıqlaması ilə atmaca atmır, sadəcə ölkənin mövcud vəziyyətini doğru qiymətləndirən praqmatik siyasətçidir. Doğrudur, İranda bütün səlahiyyətlər “Vilayəti-fəqih” adlandırılan Ayətullah Əli Xamneyinin əlində cəmlənib. Bu da İranın gələcəyini qaranlıq vəziyyətə gətirib çıxarıb. İran dövləti faktiki olaraq Xamneyinin subyektiv fikirlərindən asılı qalıb. Bu, prinsip etibarilə təhlükəli məqamdır, çünki onun verdiyi yanlış bir qərar ölkəni fəlakətə apara bilər. İndiyədək İran dövlətində qeyri-farslara qarşı münasibət tamam fərqli olub, farslar hər zaman dominant mövqedə saxlanılıb”.
Ekspert qeyd edib ki, prezident artıq mütləqiyyətin ölkəyə verdiyi zərərləri açıq şəkildə hiss etməyə başlayıb:
“Pezeşkian bildirmək istəyir ki, sərt mövqe İranı çıxılmaz vəziyyətə salıb. O, həm də nüvə proqramını davam etdirməyin mənasız olduğunu diqqətə çatdırmağa çalışır. Prezidentin məqsədi nüvə proqramından imtina edib region dövlətləri ilə normal münasibətlər qurmaqdır. Xamneyi isə daha çox fars millətçiliyini təbliğ edir, onun üçün önəmli olan dövlətin deyil, rejimin təhlükəsizliyidir. Müharibə olarsa, öləcək insanlar onun üçün önəm daşımır. Pezeşkian rejimə meydan oxumur, sadəcə xəbərdarlıq edir ki, vəziyyət kritikdir. Belə davam edərsə, İran meydanda tək qalacaq”.
Nurlan Cəfəri













