!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK terrorçuları İrana SIĞINDI: Tehran hakimiyyəti bu əraziləri terror təşkilatının ixtiyarına verib

!Reklam – Yazi

“Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK terror təşkilatı üzvlərinin İrana qaçması ilə bağlı fikirlər səsləndirirsə, bu, artıq rəsmi məlumatdır və buna inanmamağa heç bir əsasımız yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İranşünas, Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

O, İraqın şimalında yerləşən PKK terror təşkilatı üzvlərinin Türkiyənin intensiv hava hücumları nəticəsində İrana qaçması ilə bağlı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin söylədiyi fikirlərə münasibət bildirib.

S. Soltan düşünür ki, Tehran hakimiyyəti Türkiyə ilə İran sərhədləri arasındakı ərazilərə nəzarət edə bilmir və yaxud bu torpaqları bilərəkdən PKK-nın ixtiyarına verib.

“Ola bilsin ki, həmin bölgədə Türkiyəyə qarşı olan başqa qrupların da düşərgələri salına bilər. Nəzərə almaq lazımdır ki, İran mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinə çoxlu sayda gəlmə kürdlərin yerləşdirilməsi üçün şərait yaradıb. Bu proses 40 ilə yaxındır ki, davam edir. Cənubi Azərbaycanın Qərbi Azərbaycan əyalətinin bir sıra şəhərlərində kürd əhalinin sayında artım müşahidə olunur. Hətta kürdlər qədim Azərbaycan şəhərlərinə iddia edirlər. Onlar deyirlər ki, Urmiya kürd şəhəridir. Hətta Mahsun Kırmızıgülün “Qədim kürd şəhəri Urmiya” adlı mahnısı da var”, – deyə o bildirib.

Onun sözlərinə görə, İran hakimiyyətinə Cənubi Azərbaycanla Türkiyə arasında kürdlərdən ibarət zolağın yaranması sərf edir:

“Ona görə də İran həmişə Türkiyəyə qarşı olan “Hizbullah”, PKK terror təşkilatı və digər silahlı birləşmələrin bu ərazilərdə yerləşməsinə biganə yanaşır. Vaxtilə Tehran hakimiyyəti PKK-nı dəstəkləyib, ona yardımlar etməklə Türkiyəyə zərbə endirilməsinə şərait yaradıb. Son 15-20 ildə isə bu yardımlar zəifləyib. Bunun səbəbi də o oldu ki, İraqın şimalında kürd muxtariyyəti yaradıldı, Suriyada kürdlər muxtariyyət yaratmağa cəhd göstərdilər, eləcə də gəlmə kürdlər İran ərazisində fəallaşmağa cəhd göstərdilər. Bundan sonra İran PKK terror təşkilatı və onun “Komele”, PJAK kimi qollarına qarşı mübarizəni açıq elan etdi”.

Siyasi təhlil xatırladıb ki, ötən yay İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri İraq hakimiyyətini açıq şəkildə hədələyib:

“O bəyan etdi ki, əgər İraq ərazisindən silahlı qruplaşmalar İran ərazisinə təhlükə yaradıb, onu təhdid edərlərsə, onda İraqın şimalını və sərhədyanı bölgədəki kəndləri raket atəşinə tutacaqlar. Bundan sonra İraq hakimiyyəti geri çəkildi və İraqın şimalındakı Kürdüstan Muxtar Regionu sözügedən qruplaşmaları sərhədyanı ərazilərdən içərilərə köçürdüyünü bəyan etdi.
Görünən odur ki, Tehran hakimiyyəti üçün PKK terror təşkilatının 2 forması var: Biri, Cənubi Azərbaycan torpaqlarını işğal etmək istəyən PKK; digəri isə Türkiyə ərazilərini təhdid edən PKK. İran hökuməti İranın təhlükəsizliyini təhdid edənləri vurmaq istəyir, lakin Cənubi Azərbaycan ərazilərini işğal edib Türkiyəni təhdid edən PKK terrorçularının isə başını sığallayır. Yaşar Gülərin dedikləri də ikincilərə aiddir”.

Qeyd edək ki, Y. Gülər zərbələrdən qorunmaq istəyən PKK terror təşkilatı üzvlərinin İrana qaçdığını və İran hakimiyyətinin bunu təkzib etdiyini dilə gətirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv