Pley-offa bircə addım: “Qarabağ” və “Qalatasaray” İngiltərədə tarix yaza bilərmi?

media-hightechnic-468x90

Çempionlar Liqasının son turundan sonra ilk 8 yeri tutan komandalar növbəti mərhələyə birbaşa, 9-24-cü yerləri tutan komandalar isə pley-off turunu keçərək növbəti mərhələyə vəsiqə şansı qazanacaq.

Hazırda turnirin qrup mərhələsində iştirak edən 3 türk klubundan yalnız ikisinin  daha dəqiq desək, “Qarabağ” və “Qalatasaray” klublarının pley-off mərhələsinə vəsiqə şansı var.

Hər iki klubun pley-off şansı nə qədərdir? Hansı komanda vəsiqə qazana bilər?

Yenicag.az bu sualların cavabını idman jurnalistlərindən öyrənib.

İdman jurnalisti Kənan Məstəliyev hər iki türk klubunun pley-off şansını belə dəyərləndirib:

media-img_2927

“Ümid edirəm ki, “Qarabağ”ın topladığı 10 xal növbəti mərhələ üçün yetərli olacaq. Dünya mətbuatı da, statistika saytları da komandamızın növbəti mərhələdə oynama şansının 99% olduğunu qeyd edib. Əgər mənfi bir möcüzə baş verməsə, komandamız pley-off mərhələsində oynayacaq. Bu nəticənin geri dönmə şansı yoxdur. Çünki çox böyük sensasiyalar olmalıdır ki, bu gerçəkləşməsin. “Barselona”, “Bavariya”, “Çelsi” və digər komandalar məğlub olmalıdırlar ya da xal itirməlidirlər ki, bu da inandırıcı görünmür. Həmin komandaların özlərinin də hədəfləri var ki, son turda qalib gəlməklə ilk 8-likdəki yerlərini qoruya bilsinlər. Ona görə də komandamızı artıq növbəti mərhələyə çıxmış saymaq olar.

“Qalatasaray” komandasının da “Qarabağ” la eyni xalı var və top fərqi daha yaxşıdır. Onların şansını da eyni cür qiymətləndirmək olar. Onlar son turda “Mançester Siti” ilə oynayacaqlar. “Şəhərlilər” də güclü komandadır, amma onlar son zamanlar enişdədir. Müdafiələrində ciddi problemlər var, etibarlı oynamırlar, fərqlənsələr də çox top buraxırlar. Hesab edirəm ki, “Qalatasaray” bu qarşılaşmada xal və ya xallar qazana bilər. Hazırda onlar “Qarabağ” a baxanda nisbətən yaxşı vəziyyətdədir. Hər iki halda hər iki türk komandasının növbəti mərhələyə çıxmasında maneə görmürəm”.

Digər idman jurnalisti Mehman Süleymanov da “Qarabağ” və “Qalatasaray” klublarını növbəti mərhələdə görür:

media-img_2928

“‘Qalatasaray” və “Qarabağ” ÇL-in qrup mərhələsində pley-off şansı qalan yeganə türk komandalarıdır. Ona görə ki, “Kayrat” artıq şansını itirərək turnir cədvəlinin sonlarında qərarlaşıb. Hər iki klub son turda çox çətin sınaq qarşısındadır. Hər ikisi İngiltərə nəhənglərinin qonağı olacaq. “Qalatasaray” son turda “Mançester Siti” komandasını sınağa çəkəcək, “Qarabağ” isə “Liverpul” un qonağı olacaq. Qazanılacaq bir xal hər iki komandanın qarşısına yaşıl işıq yandıracaq. Məğlub olacaqları təqdirdə belə hesab edirəm ki, hər ikisinin şansı çox yüksəkdir və bu şansları mən 90-95% olaraq dəyərləndirirəm.

Xüsusilə də indi diqqətimiz “Qarabağ” klubundadır. Komandanın gücünü qiymətləndirərək indiki məqamda rəqibdən xal alacağını belə istisna etmirəm. Unutmayaq ki, Arne Slotun komandası heç də yaxşı günlər yaşamır. “Liverpul” son 5 oyunda qələbə üzünə həsrət qalıb. Digər tərəfdən, “Liverpul” özü də pley-off şansını tam təmin etmədiyi üçün ona qələbə lazımdır. Komandaya qələbə ilk 8-liyə düşmək üçün mütləq vacibdir. Fikrimcə, “Qarabağ” uduzsa belə, rəqibləri ilə olan oyunların hansısa birində bizim üçün arzuolunan nəticə qeydə alınacaq. Bununla da komandamız növbəti tarix yazaraq pley-off iştirakçıları arasında olacaq. Düşünürəm ki, “Qalatasaray” da eyni şansa malikdir və onlar da məğlub olsalar belə, adlarını həmin xoşbəxtlər sırasında görə biləcəklər.”

İdman jurnalisti Mirbağırağa Cəfərli “Qarabağ” klubunun vəsiqə qazanma şansının qapıçı Mateuş Koxalskidən asılı olduğunu diqqətə çatdırıb:

“Həm “Qarabağ”, həm də “Qalatasaray” ın İngiltərədə qalib gəlməsi çətindir. Amma müqayisə etsək, bu iki komandanın öz performansını, oyununu nəzərə alsaq, “Qarabağ’”ın qalib gəlməsi daha realdır, nəinki “Qalatasaray” ın.

“Qarabağ” artıq elə səviyyəyə çatıb ki, öz futbolunu nümayiş etdirəcəyi təqdirdə hər şey mümkündür. Komanda adət etdiyimiz kimi ilk dəqiqələrdə təşvişə düşməsə, ilk 10-15 dəqiqəni rahat keçirə bilərsə, sonradan daha rahat oynayaraq, real qol epizodları da yaradaraq hədəfinə doğru gedə bilər. Burada hər bir futbolçunun, xüsusilə də orta xəttin, yarımmüdafiənin mərkəzinin və Mateuş Koxalskinin üzərinə daha çox yük düşəcək. Hər halda, polyak qolkiper “Napoli” yə qarşı keçirdiyi şedevr çıxışı “Liverpul” a qarşı da göstərərsə, “Qarabağ”  daha böyük inam gələcək.

Təbii ki, “Qarabağ” məğlub olacağı təqdirdə də pley-offa çıxmaq şansı var. Doğrudur, hədəfə doğru özünün göstərəcəyi nəticə ilə irəliləmək daha konkretdir. Amma digər görüşlərdə “Qarabağ” ın  istədiyi nəticələr gələcəyi təqdirdə də pley-offa çıxacaq. Məncə, “Qarabağ” da, “Qalatasaray” da pley-offa vəsiqə qazanacaq. Çünki digər vacib oyunlarda bu iki komandanın istədiyi nəticələr gələcəyinə inanıram. Məncə, nə “Kopenhagen” “Barselona”nı udasıdır, nə də “Olimpiakos” “Ayaks”ı.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa