Politoloq: Xalçanın altına süpürmək dövrü bitib
Artıq heç kim üçün sirr deyil ki, bütün idarəetmə və ya siyasi tənliklərin əsas dəyişəni informasiyadır. Buna baxmayaraq, müasir siyasi proseslərin gedişatı ondan xəbər verir ki, effektivlik üçün sadəcə müvafiq informasiyaya sahiblənmək, yumşaq desək, heç də kifayət etmir. Qlobal internet məkanında məqsədyönlü şəkildə baş verən “informasiya tullantılarının” artması səbəbindən “lüt” informasiyanın siyasi dəyəri kəskin şəkildə düşüb. Müasir dövrdə nəzarətsiz şəkildə dolaşan informasiyanın böyük əksəriyyəti saxta pul əsginası kimi nəinki lazımsızdır, hətta potensial təhlükə mənbəyidir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.
O qeyd edib ki, bəzi obyektiv reallıqları görmək üçün informasiya kontekstində təkamülün üç şərti inkişaf mərhələsini müəyyənləşdirə bilərik: 1) “informasiya əsri” şüarının kütləvi şəkildə cəmiyyətin ictimai şüuruna yeridilməsi; 2) məsələ ilə bağlı ilk şablon məzmunlu və əsasən xaricdən idxal olunan peşə səriştələrinin formalaşdırılması, habelə bütün idarəetmə sistemlərinin kortəbii şəkildə informasiya “ovuna” çıxması; 3) informasiyanın nəzarətdən çıxması və əksər ölkələrin milli kadr ehtiyatının peşəkarlıq səviyyəsinin mövcud sahədə tendensiyaları diktə edən nadir dövlətlərin səviyyəsindən kəskin şəkildə geriləməsi. Yeri gəlmişkən onu da əlavə edək ki, böyük ehtimal ilə yaşadığımız dövr məhz qeyd olunan 3-cü şərti inkişaf mərhələsinə aiddir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sistem xarakterli islahatların məhz bu dövrdə artması da əsla təsadüfi deyil.
“Bəli, zamanında çox sevilən və yayılmış “informasiyanı idarə edən əsl hakimiyyətə malikdir” kimi ifadə demək olar ki, öz ilkin aktuallığını itirib. Qaçılmaz qlobal tendensiyaların təsiri altında informasiya nəinki nəzarətdən çıxıb, o, artıq özü insanı idarə edir. Bu cür mülahizə əsla hansısa fəlsəfi yanaşmanın təzahürü deyil. Qeyd olunanlar reallıqdır və gənc müstəqilliklər bunu mütləq nəzərə almalıdır. Qlobal məkanda hətta bilavasitə bir-birinə aid olmayan məlumatların təsadüfi toqquşmasının nəticəsində belə tamamilə yeni informasiya və yeni sosial-siyasi reallıq yarana bilir.
Yuxarıda qeyd etdiyimiz şərti birinci mərhələdə biz əsasən texnoloji, o cümlədən rəqəmsal texnologiyaların inkişafına, habelə onların bizim şəxsi və işgüzar həyatımızda payının artmasına şahidlik etmişdik. Etiraf olunmalıdır ki, bu inkişaf əsasən idxal xarakterli olmuşdur. Məhz bu mərhələdə məhdud sayda dövlətlər tərəfindən mövcud sahədə “dəb” və tendensiyalar yaradılırdı, dünya ölkələrinin böyük əksəriyyəti isə sadəcə, onların arxasınca addımlayırdı. Obrazlı ifadə etsək, bu mərhələdə dünya ölkələrinin mütləq əksəriyyəti telefon və kompüterlərin düymələrini sıxmağı öyrənən zaman nadir dövlətlər həmin avadanlıqlar vasitəsilə konkret ölkələrdə yeni siyasi və sosial-mədəni oriyentirlərin formalaşdırılması ilə məşğul olub. Düşünmək üçün onu da qeyd edək ki, “nəhəng” sovetlərin parçalanması və beynəlxalq münasibətlər sistemində rəngli inqilablar ilə bağlı ilk təcrübənin fomalaşması məhz həmin şərti dövrə təsadüf edir.
Şərti ikinci mərhələdə isə dünyada cərəyan edən prosesləri izləyən müstəqil dövlətlər müasir tendensiyalardan geri qalmamaq adı altında informasiya və informasiya texnologiyalarının “ovuna” çıxdılar. Müxtəlif dövlət proqramlarının qəbul olunması və idarəetmə sistemində fərqli texnoloji yeniliklərin tətbiqi kimi hallar da bu mərhələdə yayılmağa başladı. Prinsipial olaraq qeyd etməliyik ki, bu cür yeniliklərə hökumətlər tərəfindən yaşıl işığın yandırılmasına əsas səbəb idarəetmə sisteminin təkmilləşdirilməsi ilə yanaşı, sistemin məhz informasiya ilə təmin edilməsi olmuşdur. Obyektivlik naminə burada müşahidə olunan bir tendensiyanı xüsusilə qeyd etməliyik: müxtəlif informasiya texnologiyalarının sözün əsl mənasında anbaan sürətlə inkişaf etdiyi halda dövlət idarəetmə prosesinə cəlb olunmuş kadrların peşəkarlıq səviyyəsində analoji sıçrayış xarakterli inkişafdan danışmaq olmur”, – deyə Asif Adil bildirib.
O deyib ki, obyektiv səbəblərdən yaşanan bu cür geriləməni idarəetmə sistemində kompensasiya etmək məqsədilə dövlətlər “aqressiv” şəkildə “informasiya ovuna” çıxdı. Peşəkar analitika olmayan yerdə isə hətta informasiya bolluğu zamanla “informasiya tullantılara” çevrilir. Keçmişdə yaşanan bəzi proseslərə nəzər yetirsək görə bilərik ki, bu mərhələdə dövlətləri növbəti “tələ” gözləyirdi. Analitikanın qıtlığı səbəbindən sistemlər kütləvi şəkildə məlumatların sadəcə tirajlanması ilə məşğul olmağa başladılar. Bəli, mövcud məsələdə yaxşı uğurlar əldə olunub və böyük təcrübə də qazanılıb. Ancaq kortəbii informasiya “ovunun” əsas neqativ fəsadlarından biri sonsuz sayda məlumat mənbələrinin peyda olunmasıdır. Yuxarıda sadaladığımız inkişafın şərti 3-cü mərhələsi məhz qeyd olunan tendensiya kütləvi xarakter alan kimi başladı.
Belə ki, dövlət idarəçilik prosesinə cəlb olunmuş milli kadrların peşəkarlıq səviyyəsi, habelə informasiya və informasiya mənbələri uğrunda sərt mübarizənin aparılması nəticəsində total informasiya nəzarətdən çıxdı. Müxtəlif beynəlxalq proseslərin təzyiqi səbəbindən qanunların absurd dərəcədə liberallaşması sayəsində informasiya mənbələrinin sayı sonsuz dərəcədə artdı. Sözügedən amil isə qərəzli manipulyasiya və təzyiq üçün əlavə fürsətlər yaratmışdır. İnternet texnologiyalarının sayəsində bu gün hətta fərd belə təhdidedici tendensiyanın yaranmasına səbəb ola bilər. Bu mənada da idarəetmə sistemində texnoloji inkişafda olan geriləməni kompensasiya edə biləcək əsas amil yenə də analitikadır. Elm və analitikanın dövlət idarəetmə sistemində iştirak payının artırılmasının qaçılmazlığını biz ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq zamanı Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlərdə eşidə bildik.
“İnsan övladının məsuliyyətsizliyi səbəbindən təbiətdə tullantıların artması real ekoloji fəlakətə gətirib çıxara bildiyi kimi, ictimai-siyasi münasibətlər sistemində də informasiya tullantılarının artması həmin sistemdə böhranın yaranmasına səbəb ola bilər. Bəzi dövlətlərin uğursuz təcrübəsi buna sübutdur. Təsadüfi deyil ki, idarəetmə sistemlərində analitikanın payı ildən-ilə artır. Mütləq şəkildə aydın olmalıdır ki, informasiya siyasəti, sadəcə, məlumatların tirajlanması demək deyil.
Suverenlik təkcə dövlətin sərhədlərində qorunmur, o, qlobal informasiya məkanında da qorunmalıdır. Klassik anlamda partizançılıq indi sosial şəbəkələr üzərindən reallaşdırılır. Peşəkar və dəqiq informasiya ilə “informasiya tullantıları” arasındakı sərhədi müəyyən etmək getdikcə daha da çətinləşir. “Keyfiyyət” və “obyektiv həqiqət” artıq heç kimi maraqlandırmır, hamı emosiya, qalmaqal və qeybət axtarışındadır. Elə buna görə də “manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan ifadədir. Daha bir həqiqət də var ki, son illərdə ölkəmizin informasiya məkanı kifayət qədər siyasiləşib. Sosial şəbəkələr, sözün əsl mənasında hər kəs üçün əlçatan siyasi tribunaya çevrilib.
Qeyd olunanları nəzərə alaraq, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində idarəetmə sistemində peşəkarlıq amilinin aktuallaşdırılmasına hesablanmış addımlar populyar hesab olunmasa da, onlar bu dövlət və xalqın gələcəyinə xidmət edən strateji sərmayədir. Aparılan islahatlar, dövlətimizin başçısının prinsipial mövqeyi və dünyada müşahidə olunan tendensiyalar mövcud qüsurların xalçanın altına süpürmək dövrünün bitməsindən xəbər verir. İdarəetmədə yeni düşüncə və yanaşma paradiqmalarının tətbiqi artıq zərurətdir. Bu mənada dayanıqlı inkişafı təmin etmək və mütəmadi olaraq yaranan təhdidləri zamanında zərərsizləşdirmək üçün siyasət və idarəetmədə yeni münasibətlər sisteminin yaranması labüddür. Bu günlərdə şahidlik etdiyimiz islahatlar məhz qeyd olunan məqsədlərə xidmət edən dövlət siyasətinin təzahürüdür”, – deyə politoloq vurğulayıb.












