Polkovnikdən Şubanıdakı hərbi təlimlərə REAKSİYA – “Atılan güllə heç bir halda yaşayış evlərinə gəlib çatmamalıdır”
“Təlimlərdə gilizlərin yaşayış məntəqəsinə düşməsi yolverilməzdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.
Xəbər verdiyimiz kimi Şubanıda keçirilən hərbi təlimdə atılan güllə Abşeron rayonu Qobu qəsəbəsindəki fərdi evlərdən birinin kanalizasiya sistemini dağıdıb.
Məsələni şərh edən polkovnikin sözlərinə görə, baş verənlər yolverilməzdir:
“Təlimlər zamanı bütün təhlükəsizlik tədbirləri görülməlidir. Təlim meydançasında və yaxınlıqda olan yaşayış məntəqələrində mütləq nəzərə alınmalıdır ki, keçirilən təlimlər zamanı nə mülki insanlara, nə də digər canlılara hər hansı zərər dəyməsin. Təəssüflər olsun ki, bugünkü faktlar, həm 2020-ci ildə baş vermiş məlum hadisə, həm də indiki hadisə onu deməyə əsas verir ki, komandanlıq bu sahəyə yetərincə diqqət göstərmir və gözləyir ki, mütləq bədbəxt hadisə olsun. O güllələr taxtaya və ya su borusuna deyil, insana da dəyə bilərdi. Ona görə də onlar lazımi tədbirləri görməlidirlər”.
Ü. Cəfərovun fikrincə, vətəndaşlar da Müdafiə Nazirliyinin 912 qaynar xəttinə, o cümlədən Abşeron Polis İdarəsinə müraciət etməlidirlər ki, əlaqədar dövlət və hökumət strukturları lazım olan təhlükəsizlik tədbirlərini görsünlər:
“Bunun artıq ikinci dəfə baş verməsi çox ciddi bir haldır. Fərq etməz, döyüş, ya təlim güllələri insanların həyatına son qoya bilər. Ola bilər ki, yaşlı adamlar üçün ağır xəsarət olsun, amma azyaşlılarda ölüm hadisəsinə gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələlərlə bağlı Hərbi Prokurorluğa da müraciət edilməlidir ki, onlar da hərbi sahəyə cavabdeh şəxslər olaraq bu məsələni araşdırsınlar”.
Mütəxəssis hesab edir ki, hər hansı insan tələfatı baş vermədən aidiyyəti orqanlar problemin qarşısını almaq üçün hərəkətə keçməlidirlər:
“Hərbi təlimlərdə atılan güllə heç bir halda yaşayış evlərinə gəlib çatmamalıdır. Bunun qarşısı alınmalıdır və hərbiçi dostlarımız da başa düşməlidir ki, orada olan təkcə təlim mərkəzinə yaxın ərazidə yaşayan insanlar deyil, eləcə də onların yaxınları, övladları da ola bilər. Düşünürəm ki, bu məsələyə ciddi yanaşılmalıdır və adıçəkilən yaşayış məntəqəsi bildiyim qədəri ilə Müdafiə Nazirliyinə yaxın olan hərbi hissələrdən birinə məxsusdur. Hər bir halda, fərq etməz, hansı güc strukturu olursa olsun, onlar təcili ciddi addımlar atmalıdırlar. Hansısa faciənin baş verməsini gözləmədən tədbirlər görülməlidir. Ümumiyyətlə, hərbi təlimlər elə yerdə keçirilməlidir ki, orada hər hansı təhlükəli vəziyyət yaranmasın”.
Yenicag.az