Prezident ailəsinin xalqla yaxınlığı kimlərin planını pozur? – Blogşüvənlərin yeni hədəfinin REAL SƏBƏBLƏRİ…
Son illərdə Azərbaycanda diqqət çəkən mühüm məqamlardan biri dövlət başçısı İlham Əliyev və ailə üzvlərinin xalqla birbaşa təmaslarının daha da intensivləşməsidir.
Yenicag.az xatırladır ki, xüsusilə Qarabağın azad edilməsindən sonra Prezidentin tez-tez həmin bölgəyə səfərləri, sadə vətəndaşlarla ünsiyyət qurması, şəhid ailələri və qazilərlə görüşləri artıq adi bir mənzərəyə çevrilib. Bu səfərlər zamanı onun həyat yoldaşı Mehriban Əliyeva ilə səmimi zarafatlaşmaları, yerli sakinlərlə bir masa arxasında çay içməsi və ya yeni tikilən evlərin açarını şəxsən təqdim etməsi cəmiyyətdə dövlət rəhbərliyi ilə xalq arasında emosional bağın gücləndiyini göstərən faktlar kimi qiymətləndirilir. Prezidentin özünün də vurğuladığı kimi, Novruz bayramını ardıcıl altı ildən bəri Qarabağda qeyd etməsi bunun bariz nümunələrindəndir.

Bu proses təkcə rəsmi tədbirlərlə məhdudlaşmır. Prezidentin ailə üzvlərinin də ictimai həyatın müxtəlif sahələrində, xüsusilə sosial layihələrdə və xeyriyyə aksiyalarında fəal iştirakı tez-tez diqqət mərkəzinə düşür. Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva müxtəlif sosial tədbirlərdə, uşaq evlərində, aztəminatlı ailələrlə görüşlərdə, eləcə də ictimai məkanlarda – restoran, kafe və ya mədəniyyət tədbirlərində vətəndaşlarla ünsiyyətdə görünürlər. Bu görüşlərdə rəsmi protokol çərçivəsindən kənar, daha səmimi və gündəlik həyat atmosferi müşahidə olunur.

Belə faktlar bir tərəfdən hakimiyyətlə cəmiyyət arasında psixoloji məsafənin azaldığını göstərir. Digər tərəfdən isə uzun illər müəyyən dairələr tərəfindən irəli sürülən “hakimiyyət xalqdan uzaqdır” tezisinin reallıqla üst-üstə düşmədiyini ortaya qoyur. Çünki real mənzərə göstərir ki, dövlət rəhbərliyi və ailə üzvləri yalnız rəsmi tədbirlərdə deyil, gündəlik sosial mühitdə də vətəndaşlarla bir araya gəlir, onların problemləri ilə maraqlanır və birbaşa təmas qurur.

Məhz bu nöqtədə sual yaranır: əgər hakimiyyətlə xalq arasında yaxınlaşma prosesi baş verirsə, bu niyə bəzi xarici blogerləri və Azərbaycana qarşı tənqidi mövqe tutan dairələri narahat edir? Bunun əsas səbəbi informasiya mübarizəsinin mahiyyəti ilə bağlıdır. Uzun müddət bəzi platformalarda Azərbaycanda hakimiyyətlə xalq arasında böyük məsafə olduğu fikri yayılmağa çalışılıb. Amma real həyatda baş verən görüşlər, insanların bir araya gəlməsi və sosial layihələr göstərir ki, bu iddialar həqiqəti tam əks etdirmir və onların təsiri getdikcə azalır.
Başqa sözlə, siyasi və informasiya müstəvisində rəqabət aparan qüvvələr üçün ən effektiv vasitələrdən biri cəmiyyət daxilində narazılıq və məsafə görüntüsü yaratmaqdır. Əgər ictimai rəy əksinə olaraq ali dövlət rəhbərliyi ilə xalq arasında səmimi münasibətlərin mövcud olduğunu görürsə, bu, həmin dairələrin arqumentlərini zəiflədir və təsir imkanlarını azaldır. Buna görə də belə görüntülər və faktlar onların informasiya strategiyasına uyğun gəlmir və reaksiyaya səbəb olur.

Nəticə etibarilə, Prezident və ailə üzvlərinin Qarabağa səfərləri, qazilər və şəhid ailələri ilə görüşləri, eləcə də sadə vətəndaşlarla gündəlik ünsiyyəti dövlətlə cəmiyyət arasında əlaqələrin gücləndiyini göstərən mühüm sosial və siyasi siqnaldır. Bu prosesin davam etməsi həm ictimai etimadın möhkəmlənməsinə, həm də ölkə daxilində birlik və həmrəyliyin artmasına xidmət edir.
Bundan narahat olanlar yaxşı anlayırlar ki, hakimiyyətlə xalq arasında süni uçurum yaratmaq cəhdləri artıq iflasa uğrayır. Prezident və ailə üzvlərinin xalqın içində olması, Qarabağda, qazilərin, şəhid ailələrinin, sadə vətəndaşların yanında görünməsi onların illərlə qurduqları saxta narrativi dağıdır və gerçəkliyi bütün çılpaqlığı ilə ortaya qoyur.
Qısacası, bu gün ortada bir həqiqət var: dövlətlə xalq arasında bağ möhkəmdir və getdikcə daha da güclənir. Bu reallıqdan qorxanlar nə qədər hay-küy salsalar da, xalqla dövlətin birliyini nə sarsıda, nə də dayandıra biləcəklər.
Aqil Ələsgər













