Prezident Aparatının qarşısında aksiya keçirildi
Ağır tonnajlı yük maşınlarının sürücüləri bu gün Prezident Administrasiyasının önündə aksiya keçiriblər.
Aksiyaya səbəb yol polisi və Nəqliyyat Nazirliyi əməkdaşlarının onlara qarşı keçirdiyi reydlərlə bağlıdır. Sürücülər yükdaşıma ilə bağlı məhdudiyyətlərə etiraz edirlər:
“Dövlətin verdiyi texniki pasportlarda 35-55 ton yükdaşınmaya icazə verildiyi halda bizim yük avtomobillərimizdə 32 tondan artıq yük olduqda 600-1400 manat cərimə yazılır. Yük maşınlarını kredit və lizinq yolu ilə aldığımızdan, işimizi 32 ton yükdaşıma ilə davam etdirəcəyimiz halda kredit faizlərini verə bilməyəcəyik. Bu da bizim girov qoyulan ev və digər əmlakımızın müsadirə olunması ilə nəticələnəcək. Bu da minlərlə ailənin evsiz-eşiksiz, ac-yalavac qalmasına səbəb olacaq”.
Bu səbəbdən də sürücülər bu qaydalara aidiyyəti qurumların diqqət yetirməsini, onlara normal iş şəraiti yaradılması və maaşlarının vaxtında verilməsini tələb ediblər.
Sürücülərin şikayətini Prezident Administrasiyasında dinləyiblər və onlara Nəqliyyat Nazirliyinə getməyi məsləhət görüblər.
azadlıq.rg