Prezident məmurları güllələtdirdi
Şimali Koreya lideri Kim Çen In bu günlərdə hakim Əmək Partiyasının 10 yüksək rütbəli məmurunu mənimsəmədə və Cənubi Koreya seriallarına baxmaqda ittiham edərək güllələtdirib.
Bu haqda Cənubi Koreyadan olan deputat “Bloomberg” agentliyinə bildirib.
Cənubi Koreyanın hakim partiyasının yüksək rütbəli üzvünün katibi olan Li Çxol U Seulda, Milli Kəşfiyyat Agentliyində brifinq zamanı deyib ki, bu güllələnmələr Kim Çen Inın hakimiyyətini möhkəmləndirməyə yönəlmiş addımlarından bididir.
Güllələnənlərin adları məlum deyil. Lakin ehtimal edilir ki, onlar Kim Çen Inın bibisinin ərinin tərəfdarları olublar. Diktatorun bibisinin əri Çan Son Txek ötən il güllələnib. O, Şimali Koreya rejimində söz sahiblərindən biri idi.
Cənubi koreyalı rəsmi onu da bildirib ki, Şimali Koreyada konslagerlərin sayı artıb və kütlə önündə güllələnmə cəzalarının miqdarı çoxalıb. Bu isə yüksək rütbəli hərbçilər arasında panika yaradıb.
Onun bildirdiyinə görə, bu günlərdə artilleriya atəşlərinin dəqiq olmamasına görə Kim Çen In generalın rütbəsini əlindən alıb.
Brinfinqdə o da deyilib ki, Kim Çen In aldığı zədədən sağalır, onun sağ dizində əməliyyat aparılıb. Əməliyyatı Pxenyana dəvət edilmiş avropalı həkim aparıb.
Qeyd edək ki, Şimali Koreyada Cənubi Koreyada istehsal olunmuş filmlərə və seriallara baxmaq qadağandır. Kim Çen In bu qadağanı daha da sərtləşdirib. Xarici medianın xəbərlərinə görə, bu ilin əvvəlindən ölkədə xarici filmlərə qarşı intensiv reydlər keçirilir.