Prezident qızları açılışda- Fotolar
Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” adlı sərgi açılıb
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş olunur.
Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin həyata keçirdiyi bir sıra layihələrdən söhbət açıb. Bildirmişdir ki, Heydər Əliyev Mərkəzi artıq Azərbaycanda mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Şəhərimizin sakinləri və paytaxtımızın qonaqları həm binanın nadir memarlıq həllinə heyran qalır, həm də burada təşkil olunan tədbirlərdən böyük zövq alırlar. Artıq burada keçirilən “Kosmosa səyahət” sərgisi çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Qısa müddətdə 50 minə yaxın insan həmin sərgi ilə tanış olublar.
Heydər Əliyev Mərkəzinin direktoru sərginin təşkilində əməyi olanlara, xüsusilə Avstriyanın Yoxanneum Muzeyinin rəhbərliyinə təşəkkür etmiş və ekspozisiyanın bəyəniləcəyinə əminliyini bildirib.
Avstriyanın Yoxanneum Muzeyinin direktoru Volfqanq Muxitç bildirmişdir ki, “Silahların əfsanəsi” sərgisi rəhbərlik etdiyi muzeyin kolleksiyasının kiçik bir hissəsidir. Bu sərgi Nyu-York, Vaşinqton, Kanada və Avropanın bir sıra ölkələrindən sonra artıq Bakıda nümayiş etdirilir. Qonaq diqqətə çatdırıb ki, Avropa ərazisində baş verən bütün döyüşlərdə silah və zirehli geyimlərdən geniş istifadə olunmuşdur. Bu sərgidə nümayiş etdirilən bir çox eksponatlar həmin kolleksiyanın ən çox dəyərləndirilən nümunələrindəndir. Yoxanneum Muzeyi regionda belə eksponatların kolleksiyasının saxlanıldığı 12 muzeydən biridir. Bu ən qədim muzeyə 2003-cü ildən, həmçinin memarlıq eksponatları da daxil edilib.
Volfqanq Muxitç sərginin təşkilinə dəstək verən Heydər Əliyev Mərkəzinin kollektivinə dərin minnətdarlığını bildirmiş və ziyarətçilər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini deyib
Mərasimdə çıxış edən sərginin kuratoru Johannes Ramharter demişdir ki, bəzi insanlar möcüzənin daha baş vermədiyi qənaətindədirlər, bəziləri isə möcüzəni, tarixi canlandırır, proseslərin iştirakçısı olmaq istəyirlər. Təqdim olunan sərgidə tarixin kiçik bir səhnəsini, müdafiə imkanlarını, onların vacibliyini bir daha möcüzə olaraq görmək mümkündü.
Sonra sərgiyə baxış olub.
İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunur. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası – Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadı.
Sərgidə nümayiş olunan silah və zirehli geyimlər müxtəlif döyüşlərdə istifadə olunmuş orijinal nümunələrdir.
“Silahların əfsanəsi”ndə ziyarətçilər tarixin canlı şahidi olur, hər bir eksponata dair maraqlı məlumatlar əldə edirlər.
azərtac