“Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir”.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zaman deyib. Dövlət başçısı bir neçə gün sonra Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini xatırladıb:
“Bir neçə gündən sonra mən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik. Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin.
Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir”.