“Prezident İlham Əliyev ilin bütün aylarında işğaldan azad olunmuş ərazilərə səfərlər edir, orada məskunlaşmış insanlarla görüşür, işlərin gedişatı ilə tanış olur, yeni təməlqoyma, açılış mərasimlərində iştirak edir və tapşırıqlarını verir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat Prezident İlham Əliyevin mayın 28-də Xocalı sakinləri ilə görüşündə səsləndirdiyi mühüm mesajlardan və xocalıların ata-baba yurdlarına qayıtmasının tarixi əhəmiyyətindən söz açıb.
T. Rzayevə görə, məhz bu tapşırıqlarının nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzurda abadlıq və bərpa işləri həyata keçirilir:
“Xocalılarla görüşə gəldikdə isə bu, tarixi bir görüş idi. Çünki cənab Prezident bir neçə dəfə bəyan etmişdi ki, biz mütləq haqq-ədaləti bərpa edəcəyik və xocalılar mütləq dədə-baba yurdlarına qayıdacaqlar. Sonuncu görüşdə ölkə başçısı çox böyük qürur hissi ilə bildirdi ki, artıq biz Xocalıya qayıtmışıq və bundan sonra Azərbaycan torpaqları heç vaxt işğal altına düşə bilməz”.
Onun fikrincə, sözsüz ki, bu açıqlamalar, nəinki Ermənistana, ümumilikdə ədalətsiz bir dünyaya mesaj idi ki, biz 30 ildən sonra öz torpaqlarımızı düşməndən azad etdik, qüvvələrimizi birləşdirdik, ordumuzu möhkəmləndirdik və haqq-ədaləti bərpa etdik:
“Dünya ölkələri bu gün Azərbaycanın haqq-ədalət mübarizəsinə müəyyən dəstək versələr də, təəssüflər olsun ki, bu, vaxtında olmadı. Nəticədə isə Ermənistanın hərbi-siyasi rəhbərliyi buna görə harınlaşıb, qudurdular və Azərbaycan torpaqlarını uzun illər viran qoydular”.
“Cənab Prezident bildirdi ki, Ermənistan üzr istəməli, baş əyməlidir. Müharibə dövründə və antiterror tədbirlərində başını əydi. Lakin Ermənistan hakimiyyəti öz səhvlərini açıq şəkildə etiraf etməlidir ki, həqiqətən də onlar ədalətsiz müharibə apardılar, təcavüzə yol verdilər və uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladılar. Sözsüz ki, bu gün torpaqlarımıza milyardlarla ziyan dəyib ki, Ermənistan bununla bağlı kompensasiya ödəməlidir. Bu məsələ gündəmə gəlməlidir və gəlir də. Biz müəyyən faktları beynəlxalq məhkəmələrə və təşkilatlara göndərmişik. Orada qeyd olunub ki, şəhər-kəndlərimiz talan olunub, meşələrimiz qırılıb, çaylarımız zəhərlənib ki, bunun cavabını Ermənistan mütləq verməlidir”, – deyə o, əlavə edib.
Həmsöhbətimiz əmindir ki, Prezident İlham Əliyevin Xocalıya səfəri və insanlarla görüşü, həqiqətən də qürurverici bir haldır:
“Çünki ən çox faciələrə məruz qalan Xocalı şəhəri olub. Orada tarixdə analoqu olmayan soyqırımı həyata keçirilib. Bu gün xocalıların qayıtması hər bir Azərbaycan vətəndaşını sevindirir. Bu sevinc və qürur hissi dövlətimizin qüdrətindən, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən, balanslaşdırılmış siyasətdən irəli gəlir, ordumuzun və xalqımızın birliyindən xəbər verir. Bu birlik və qüdrət nə qədər möhkəm olacaqsa, Azərbaycan da o qədər inkişaf edəcək və beynəlxalq aləmdə öz sözünü deməyə qadir olacaq”.
Rafi Müslümov
www.yenicag.az