“Bu gün dünyada Azərbaycan-Türkiyə münasibətlərinin analoqu yoxdur. Çünki bu münasibətlər dünya praktikasında gördüyümüz və alışdığımız siyasi, iqtisadi, hərbi, geostrateji və digər maraqlarla ölçülən bir münasibət deyil. Bu, qan və genlə, etnogenez və etnik tarixi birliklə yoğurulan, mayalanan əlaqələrdir. Tarixin bir çox sınaqlarından, ən son olaraq isə 44 günlük Vətən müharibəsinin və fevral ayında Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması sınaqlarından çıxmış bu birlik və bərabərlik sarsılmaz və əbədidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, Türkiyə tarixinin ən məsuliyyətli bir dövründə – prezident və parlament seçkiləri ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin İstanbula səfəri, artıq ənənə şəklini almış “TEKNOFEST”də iştirakı, oradakı çıxışında verdiyi çox ciddi mesajlar həmin birlik və bərabərliyin ən parlaq nümunələrindən biridir. Bu, Azərbaycanın və Türkiyənin yaxşı gündə də, yaman gündə də birlikdə olduğuna və gələcəkdə də birgə hərəkət edəcəyinə dair bir anonsdur. Bu, eyni zamanda, müxtəlif yollarla Türkiyə və Azərbaycanın arasını “açmağa” çalışan ümumi düşmənlərimizə ünvanlanan mühüm mesajdır. Nəhayət bu, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin hər hansı maraqlar üzərində qurulan müvəqqəti münasibət olduğunu düşünən qüvvələrə ünvanlanan xəbərdarlıqdır. Bu gün böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tezislərinə Prezident İlham Əliyevin “Bir yumruq” mesajı da əlavə olundu ki, dost da, düşmən də bu mesajdan lazımi nəticə çıxarmalıdır.
“Prezident İlham Əliyevin İstanbula işgüzar səfəri zamanı “Bayraktar”ın Azərbaycanda fəaliyyətə başlayacağı, “Kızılelma”nın ölkəmizin səmasında görünəcəyi və Azərbaycanın Türkiyənin təbii fəlakət bölgəsində böyük bir yaşayış massivinin inşasına başlaması ilə bağlı açıqlamaları qardaş ölkədə böyük təqdir və maraqla qarşılandı. Prezident İlham Əliyev, eyni zamanda, aydın şəkildə bildirdi ki, Türkiyənin regional və qlobal problemlərin həllində rolunun artması, Azərbaycanın Avropanın enerji təchizatında ön plana çıxması kimi amillər iki qardaş ölkənin birgə səylərinin və uzaqgörən siyasətinin nəticələridir”, – deyə F.Şahbazlı vurğulayıb.
www.yenicag.az