Məşhur türk aşpazın restoranına gedən Venesuela prezidenti kəskin tənqidlərə tuş gəlib.
Yenicag.ru-nun məlumatına görə, Venesuela prezidenti Nikolas Madura ət yeməklərini xüsusi tərzdə duzlaması ilə məşhurlaşan populyar türk aşpazı Nüsrət Gökçenin restoranına gedib.
Qeyd olunur ki, Madura məhz həmin Nüsr-Et restoranında nahar etmək üçün təyyarəsini yolüstü Türkiyəyə endirib. Qiyməti 100 dollardan başlayan xüsusi qızardılmış ət parçası sifariş edən Madura və xanımına restoran tərəfindən “Salt Bea” təsvirli köynək hədiyyə olunub. Bundan başqa, Gökçe prezidenti xüsusi qablaşdırılmış siqara da qonaq edib.
Maduronun restoran əyləncəsini əks etdirən videoda onun “Belə şeylər həyatda bir dəfə olur” dediyi eşidilir.
Həmin video əvvəlcə Gökçenin sosial şəbəkə səhifəsində yayımlansa da, az sonra material oradan silinib. Buna səbəb isə venesuelalı istifadəçi Marsel İmerinin videomateriala “Biabırçılıq! Sən minlərlə venesuelalının aclığına və ölümünə səbəb olmuş tirana xidmət göstərmisən” şərhini yazması olub.
Çox sayda Venesuela vətəndaşı da sözügedən videoya sərt münasibət bildirərək, böhranda batan bir ölkənin prezidentinin bu cür əylənməsini kəskin tənqid ediblər. Venesuela müxalifətinin lideri Xulio Borxes də olaya biganə qalmayıb. O, siyasi rəqibinin hərəkətinə belə reaksiya verib:
“Venesuela xalqı aclıqdan əziyyət çəkərək öldüyü bir vaxtda Nikolas və Silviya Madura dünyanın ən bahalı restoranlarından birində vətəndaşlardan oğurladıqları pullar hesabına kef edirlər”.
www.yenicag.az