Susmağın xəyanətə bərabər olduğu gün: Ya prezidentin yanında, ya da ….
Bəzən susmaq heç də müdriklik əlaməti deyil, xəyanətdir.
Bəzən mövqe göstərməmək sadəcə ehtiyat deyil – məsuliyyətdən qaçmaqdır.
Bu gün danışmayan, səsini çıxarmayan, sinəsini qabağa verməyən hər kəs bilməlidir ki, tarixdə belə susqunluq heç vaxt şərəf gətirməyib.
Rəhmətlik İsmət İnönü deyirdi:
“Bir məmləkətdə namuslu insanlar da namussuzlar qədər cəsur olmadıqca, o məmləkət batar”.
Bu söz təkcə sitat deyil – həm də çağırışdır.
Bu, xəbərdarlıqdır.
Bu, vicdanın səsidir.
Bu gün prezidentimiz -Ailəmizin başçısı hədəfdədir.
Dövlət başçımızın ailəsi ən alçaq hücumla-mənəvi terrrorla üz-üzədir.
Bu gün hər birimizin Prezidentimiz və ailəsi ətrafında sipər olmalı olduğumuz gündür.
Və ətrafımıza baxırıq.
Kim danışır?
Kim mövqe qoyur?
Kim risk edir?
Kim hədəfə çevrilir?
Bu suala cavab vermədən əvvəl bir məsələyə diqqət edək.
Bəziləri Prezidentin xarici səfərləri haqqında səhifələrlə yazır.
Çin səfəri oldu – yazı yazdılar.
Tacikistan səfəri oldu – təhlil qələmə aldılar.
Forum oldu – şəkil paylaşdılar.
Bunlar pis deyil.
Amma bunlar əsas məsələ də deyil.
Əsas məsələ – kritik anda mövqe göstərməkdir.
Əsas məsələ – dövlətin, milli namusun, dövlət başçısının hədəfə alındığı anda susmamaqdır.
Çünki məhz o anda hər kəsin kim olduğu bəlli olur.
Bu gün məsələ hüquqi çərçivədən də böyükdür – bu, mənəvi məsələdir.
Dövlət başçısı sadəcə bir vəzifə deyil.
O, dövlətin simvoludur.
O, sabitliyin dayağıdır.
O, milli birliyin mərkəzidir.
O, Azərbaycan ailəsinin başçısıdır.
Əgər bir ailədə ailə başçısına hücum olunursa,
o ailənin üzvləri susmur.
Ayağa qalxır.
Mövqe göstərir.
Müdafiə edir.
Çünki bu, təkcə hüquq deyil – şərəf-ləyaqət, namus məsələsidir.
Bu gün bir həqiqəti demək lazımdır:
Heç kim yaxasını kənara çəkməsin.
İmtiyaz varsa – məsuliyyət də var.
Qazanc varsa – borc da var.
Rahatlıq varsa – mövqe də olmalıdır.
Bunu sizdən kimsə tələb etməməlidir, özünüz bu mövqeyi sərgiləməlisiniz.
Bu gün dövlətin hesabına milyoner olanlar hardadır?
Tenderlərdən milyonlar qazananlar hardadır?
Qrantlarla imitativ layihələr edib, pulları dəstələyən təşkilat rəhbərləri hardadır?
Bina tikən baş redaktorlar hardadır?
MMC-ləri qaz vurub qazan dolduran partiya rəhbərləri hardadır?
Hər cür imtiyaz içində üzən millət vəkilləri hardadır?
Niyə susursunuz?
Nədən qorxursunuz?
Nəyi qoruyursunuz?
Bu gün bir həqiqəti açıq demək lazımdır:
Əgər siz bu dövlətin hesabına böyümüsünüzsə,
əgər siz bu dövlətin hesabına varlanmısınızsa,
əgər siz bu dövlətin hesabına nüfuz qazanmısınızsa,
əgər sizin biznesiniz bu dövlətin yaratdığı sabitlik sayəsində ayaqda qalırsa,
o dövlət hədəfə alınanda susma haqqınız yoxdur.
Bu gün Prezidentə atılan hər daş…
Bu, dövlətə atılan daşdır.
Bu, sabitliyə atılan daşdır.
Bu, milli namusa atılan daşdır.
Belə olan halda belə bir sual meydana çıxır:
Ancaq barmaq sayı qədər az jurnalistin boynuna ölçülüb bu yük?
Ancaq bir ovuc jurnalist mövqe sərgiləməlidir?
Əgər az bir qrup insan dövlətini müdafiə etdiyinə görə hədəfə çevrilirsə,
əgər bir ovuc insan mövqe göstərdiyinə görə təhqir olunursa,
əgər çox az insan həqiqəti dediyinə görə hücuma məruz qalırsa –
o zaman susanlar öz vicdanları ilə üz-üzə qalmalıdır.
Çünki tarixdə həmişə belə olub:
Döyüş meydanında az adam olur.
Amma səssiz tamaşaçı çox olur.
Bu gün də məsələ sadədir.
Əgər prezident üçün danışmayacaqsınızsa – kim üçün danışacaqsınız?
Əgər prezident üçün risk etməyəcəksinizsə – kim üçün risk edəcəksiniz?
Əgər prezident üçün tənqidə dözməyəcəksinizsə – kim üçün dözəcəksiniz?
Əgər prezident üçün söyülməyəcəksinizsə – nə və ya kim üçün söyüləcəksiniz?
Bu gün tarix yazılır.
Bu gün mövqelər müəyyən olunur.
Bu gün tərəflər seçilir.
Və bu gün hər kəsin qarşısında tək bir seçim var:
Ya sinəni qabağa verib mövqe göstərmək,
ya da susaraq məsuliyyətdən qaçmaq.
Çünki unutmayın:
Tarix susanları yox, sinəsini qabağa verənləri xatırlayır.
Sonda bir hekayəni xatırlatmaq istəyirəm.
Həzrət İbrahimin yandırılacağı tonqal qurulanda odun daşıyanlar çox idi.
Amma o vaxt bir qarışqa çıxıb tonqala tərəf su daşımağa başladı.
Onu görən qarğalar gülürdü:
– Ay qarışqa, sənin o bir damla suyun bu boyda tonqalı necə söndürəcək?
– Dünyanın ən böyük tonqalını sənin daşıdığın o bir damla su söndürəcəkmi?
Qarışqa dayanmadı.
Yoluna davam etdi.
Və sakitcə belə dedi:
– Suyum yetməsə də, safım-tərəfim bəlli olacaq.
Bu gün məsələ də məhz budur.
Bu gün hər kəsin tərəfi bəlli olmalıdır.
Bu gün susmaq yox, mövqe göstərmək günüdür.
Hə, sənin mövqeyin, sənin sözün heç də o qədər matah da deyil.
Səndən mövqe tələb olunursa, bu sözünün kəsərindən deyil.
Nə Azərbaycan prezidentinin, nə də ailəsinin sənin nə sözünə, nə addımına ehtiyacı var.
İki böyük məktəbin (Heydər Əliyev və Arif Paşayev) qırmızı diplomlu məzunu Mehriban xanım Əliyeva bir sözü ilə qarşı tərəfi elə nokauta salıb ki, bir aydır o sözün təsirindən çıxa bilmirlər.
Sadəcə, sabah yenə hər şey bitəndən sonra protokollarda yer davası edərkən, bu sual sizə mütləq veriləcək:
Prezidentin ailəsi mənəvi terrora məruz qalarkən siz haradaydınız?
Prezidentin Qazaxıstan ya da Macarıstan səfərinə getməyini gözləyirdiniz ki, neytral mövzuda qələm oynadıb, “mən burdayam” deyəsiniz?
Bu gün safımız bəlli olmalıdır.
Çünki tarix gec-tez bir şeyi soruşur:
Sən o gün hansı tərəfdə idin?..
Aqil Ələsgər













