PSG-dən “Real Madrid”ə TARİXİ DƏRS: Avropada ispan hegemoniyasının SONU GƏLİR?
PSG-nin “Real Madrid” üzərindəki 4:0-lıq qələbəsini futbol dünyasında ispanların dominantlığının çöküşünün başlanğıcı kimi adlandırsaq, yəqin ki, yanılmarıq.
Yəni “Paris Saint-Germain” FIFA Klublararası Dünya Çempionatının yarımfinalında “Real Madrid”i 4:0 hesabı ilə darmadağın edərək, Madrid təmsilçisinin hələ formalaşmaqda olan layihəsini sarsıtdı. Bu nəticə Xabi Alonsonun rəhbərliyi altındakı “Real Madrid” üçün ilk ciddi böhran kimi qiymətləndirilir.
Tablo hər nə qədər aydın olsa da, “MetLife” Stadionunda yaşananlar sadəcə futboldan ibarət deyildi. Bu, Luis Enrikenin qurduğu nizamlı və intizamlı sistemin Alonsonun “Real”ına verdiyi taktiki dərs idi. Xüsusilə ilk iki qolun fərdi səhvlərdən – Raul Asensio və Antonio Rüdigerin kobud xətalarından gəlməsi psixoloji təzyiqin Madrid üzərində nə qədər ağır olduğunu göstərdi.
Alonso bu oyunda əsas müdafiəçilərin yoxluğuna görə 4-3-3 sisteminə dönərək risk etdi. Lakin bu, xüsusilə Mbappe və Vinisius kimi oyunçuların müdafiə məsuliyyətini paylaşmaması fonunda müdafiə cinahlarını tamamilə açıq buraxdı. PSG-nin cinah oyunçuları isə bu boşluqlardan maksimum istifadə edərək Madridin müdafiəsini tamamilə dağılmağa məcbur etdi.
Yarımmüdafiədə də fransızlar say üstünlüyünü qoruya bildilər. Arda Gülər və Çuameni fiziki və taktik baxımdan aciz qaldılar. Analitiklərin sözləri ilə desək, Alonso bu oyunda “öz üslubuna xəyanət etdi” və bunun bədəlini ağır şəkildə ödəməli oldu. Ən narahatedici məqam isə “Real Madrid”in psixoloji kövrəkliyi idi. Oyunun gedişində komandanın tamamilə dağıldığı, hətta qapıçı Tibo Kurtuanın Mbappe və Vinisius da daxil olmaqla bir neçə oyunçudan daha çox topla oynadığı statistik göstəricilərdə də öz əksini tapdı.
Bu nəticə Alonso üçün sadəcə bir taktiki məğlubiyyət deyil, həm də rəhbərlik etdiyi layihənin əsas dayaq nöqtələrinin nə qədər zəif olduğunu göstərdi. PSG isə bu qələbə ilə təkcə kuboka bir addım atmadı, həm də bütün futbol dünyasına ciddi mesaj verdi: artıq bu komanda hallüsinasiyadan çıxıb reallığa çevrilib.
Göycə Göycəyev