“Putin Ukraynada təkcə uduzmadı, özü-özünə düşmən yaratdı – Britaniyalı ekspert
“Putin nəinki heç bir məqsədinə nail olmayıb, əksinə, daha da qərbyönlü Ukrayna yaradıb”.
Yenicag.az xəbər verir ki, bunu Britaniyanın təhlükəsizlik eksperti Lord Rikkets deyib.
O, Ukrayna müharibəsində Rusiyanın həm cəbhədə, həm də siyasi müstəvidə itirdikləri ilə bağlı fikirlərini səsləndirib.
Ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putin artıq Ukrayna müharibəsində “ağır şəkildə uduzub”.
“Rusiya müəyyən irəliləyiş əldə etsə də, böyük mənzərədə baxdıqda, Putin əsas məqsədlərinə çata bilməyib. Bu isə strateji məğlubiyyətdən başqa bir şey deyil. Kremlin əsas istəklərindən biri NATO-nun sərhədlərinə daha da yaxınlaşmasının qarşısını almaq idi. Lakin nəticə tam əksi oldu. Həm Finlandiya, həm də İsveç artıq NATO-ya üzv olub. Həmin proses isə birbaşa olaraq müharibənin nəticəsidir”.
“Eyni zamanda, Avropa ölkələri öz müdafiə xərclərini artırmağa və Ukrayna ilə həmrəylik nümayiş etdirməyə daha çox qərarlıdırlar. Yəni Rusiya strateji baxımdan uduzub. Ukrayna uzunmüddətli dövrdə qərbyönümlü, demokratik dövlət olaraq qalacaq. Hazırda Rusiya tərəfinin təxminən bir milyon, Ukraynanın isə yüz minlərlə itki verdiyi deyilir. Putin isə nəinki heç bir məqsədinə nail olmayıb, əksinə, daha da qərbyönlü Ukrayna yaradıb”, – deyə o bildirib.
Nəsimi Ələsgərli