Putin Zelenski ilə görüşməkdən nə qazanacaq? — “Bir masada oturmaq müharibəni bitirmir…”
“Rusiya Ukraynanın tamamını ələ keçirmədən dayanmaq istəmir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat Rusiya və Ukrayna prezidentlərinin keçirilməsi nəzərdə tutulan mümkün görüşü haqqında öz fikirlərini bölüşüb:
“Əslində, bu gün Rusiya və Ukrayna arasında danışıqlar aparılsa da, prosesdə hər hansı yenilik yoxdur. Bu danışıqlar davam etsə də, Rusiyanın prosesi yekunlaşdırmaq niyyəti görünmür. Rusiya tərəfi çalışır ki, maksimum dərəcədə Ukrayna ərazilərini işğal etsin və Ukrayna dövlətinin bütövlükdə varlığına son qoysun. Baxmayaraq ki, danışıqlar gedir, lakin proses heç bir ciddi nəticənin olmadığını və yaxın vaxtlarda da olmayacağını göstərir. Hazırkı vəziyyət iki ölkə arasında bu istiqamətdə davam edəcək. Rusiya hazırda vaxt qazanmağa çalışır. Bu vaxt ərzində o, bacardığı qədər Ukrayna ərazisinin tamamını nəzarətə götürməyə cəhd edəcək”.
Deputat hesab edir ki, hər iki dövlət prezidentinin bir masa arxasında əyləşməsi belə, nəticəni dəyişdirməyəcək:
“Zelenski və Putin eyni masada otura bilər, amma bu görüşdən də ciddi dəyişiklik gözləmirəm. Ümumiyyətlə, bu müharibənin yekunlaşması asan məsələ deyil. Hər halda, tərəflərin bir masada əyləşməsi çox önəmlidir və bu, müharibənin gedişatı üçün bir uğurdur. Təkcə münaqişə tərəfləri deyil, Qərb də çalışır ki, tərəflər razılığa gəlsin. Ümid edirik ki, razılıq əldə olunacaq və biz müharibənin bitməsinin şahidi olacağıq”.
Nurlan Cəfəri













