Putindən ŞAHMAT GEDİŞİ – Yevkurov gəlir, Kadırov isə...

media-hightechnic-468x90

“Vladimir Putinin Rusiya hərbi-siyasi elitasındakı şahmat gedişləri onu göstərir ki, Rusiya ordusunda və siyasi sistemində rüşvət və korrupsiya həddindən artıq yüksək səviyyədədir. Bu səbəbdən Putin son vaxtlar öz kadrlarını tez-tez dəyişmək məcburiyyətində qalır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi təhlilçi Rusiya mediasında müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun yaxın zamanlarda Rusiyanın Baş Qərargah rəisi olacağı ilə bağlı səslənən iddialarla yanaşı, Putinin hərbi sferada və Çeçenistan rəhbəri Ramzan Kadırovla barəsində köklü dəyişikliklərə gedəcəyi haqqında yayılan informasiyalara münasibət bildirib.

Xatırladaq ki, bir neçə gün öncə yeni qərarla Yevkurov Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Strateji Əməliyyat Planlaşdırması və Döyüş Strategiyası İdarəsinin yeni rəisi təyin edilib. Analitiklərin fikrincə, bu Yevkurov üçün çox önəmli yüksəlişdir, çünki o hazırda Valeri Gerasimova qarşı əsas əks çəki yaradan generaldır.

Prosesləri şərh edən E. Xalidbəyli isə söyləyib ki, mövcud siyasi sistemdə müharibə kimi olduqca bahalı və çətin bir prosesi idarə etmək asan deyil:

“Onilliklər boyu rüşvət və korrupsiyaya öyrəşmiş Rusiya məmurları təbii ki, bu prosesin öhdəsindən gəlməkdə çətinlik çəkir və eyni zamanda, köhnə vərdişlərindən əl çəkməkdə də ciddi problemlər yaşayırlar. Buna görə də Putin korrupsiyaya bulaşmış bu məmurları dəyişməyə məcburdur”.

“Digər tərəfdən, artıq heç kimə sirr deyil ki, Rusiya generaliteti də saxta yollarla formalaşdırılıb. Çünki hərbi təhsil və bilikdən uzaq şəxslər müxtəlif vaxtlarda bu sistemə daxil edilib. Müdafiə Nazirliyi sisteminə hərbi sahəyə heç bir aidiyyəti olmayan istiqamətlərdən gəlmiş şəxslər yetərincədir. Bu səbəbdən Putin istəsə də, istəməsə də savaşın şərtlərinin diktəsi altında həm komandasında, həm də ümumilikdə Rusiyanın hərbi və siyasi sistemində dəyişikliklər etmək məcburiyyətindədir”, – həmsöhbətimiz söyləyib.

E. Xalidbəyli onu da əlavə edib ki, siyasətdə və hakimiyyət piramidasında, böyük ehtimalla, Kadırov artıq Putinin siyasi sistemində göstərə biləcəyi bütün xidmətləri göstərib:

“Əgər o, həqiqətən də əvəz olunacaqsa, bu, onun siyasi səhnədən kənarlaşdırılmasının vaxtının çatdığını göstərir. Görünür, Putin artıq “vaxtı bitmiş” adamlara yeni imkanlar vermək niyyətində deyil və Kadırovun vəzifə müddətini uzatmaq ehtimalı da, yəqin ki, gündəmdə olmayacaq. Belə görünür ki, əgər dəyişdiriləcəksə, deməli, Kadırovun da vaxtı çatıb”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600