Putinə verilən tapşırıq baş tutmadı: RUSİYA - UKRAYNA MÜHARİBƏSİ BİTİR?
“Rusiya rəsmiləri Pokrovski haqqında informasiya müharibəsinə xidmət edən yalan məlumatlar yaymağa çalışırlar.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Ekspert Rusiya–Ukrayna müharibəsindəki hazırkı vəziyyət haqqında rəy bildirib:
“Ukrayna–Rusiya müharibəsindəki hazırkı durum ağır olaraq qalır. Tərəflər həm döyüş sahəsində, həm də informasiya müharibəsində bir-birini üstələməyə çalışırlar. Məqsəd isə aydındır. Rusiya Pokrovskini ələ keçirəcəyini bəyan edir, Ukrayna isə sübut və faktlarla hələ də şəhərin müəyyən hissəsinin onların nəzarəti altında olduğunu göstərir. Ukrayna tərəfi Rusiyanın iddiasını həm təkzib edir, həm də faktları nümayiş etdirir.”
Üzeyir Cəfərov qeyd edib ki, Rusiya hökumətinin Pokrovsk planı alt-üst olduğu üçün işğal üçün qoyulan müddəti bir qədər uzadıb:
“Onu da qeyd edim ki, Pokrovsk məsələsi ayın 15-nə Putin tərəfindən Rusiya Silahlı Qüvvələri qarşısına qoyulmuş tapşırıq idi, onlar bu tapşırığı yerinə yetirə bilmədilər. İndi isə tarix olaraq 15 dekabr göstərilib ki, Pokrovsk və Mirnoqrad şəhərləri Rusiya tərəfindən nəzarətə götürülsün. Hələ bundan sonra da tərəflər arasında hansı informasiya müharibəsinin gedəcəyini izləyəcəyik. Ona görə də hansısa şəhərin Rusiya nəzarətinə keçməsini müvəqqəti uğur olaraq dəyərləndirirəm və bilirəm ki, Ukrayna bir qarış ərazisini də Rusiyaya güzəştə getməyəcək. Tez bir zamanda uzaqmənzilli raketlər, dronlar vasitəsilə Rusiyanı öz ərazisindən sıxışdırıb çıxardacaq. Hətta Krım da daxil olmaqla. Buna qəti şübhə etmirəm. Sadəcə Ukraynaya bir az səbr və dözüm lazımdır. Necə ki, biz Qarabağı 28 il müddətində ATƏT-in Minsk Qrupu vasitəsilə ‘bu gün-sabah məsələ həll olunur’ deyilsə də, biz məsələni döyüş meydanında həll etdik. Ukrayna da buna nail olacaq, çünki Rusiyanın Ukraynaya müqavimət göstərə biləcək əvvəlki gücü və imkanları yoxdur. Rusiya rəsmiləri daha çox yalan danışmaqla məşğuldurlar. Elə prezident Putin özü, Zaxarova, Lavrov və digər rəsmilər yalanları tirajlayırlar. Amma vəziyyət o həddədir ki, Ukraynanın çox itkiləri var, çətinlikləri var, lakin buna baxmayaraq Ukrayna öz ərazilərini müdafiə edir, imkan düşdükcə də əks-həmlələrə üstünlük verir. Müharibə 2025-ci ilin və 2026-cı ilin ilk yarısında da gah aktiv, gah da passiv formada davam edəcək.”- deyə o yekunlaşdırıb.
Nurlan Cəfəri












