“Qafqazda Rusiya ilə razılaşdırılmadan heç bir proses baş verə bilməz”
Elman Nəsirov: “Qərb regionla bağlı həlledici söz sahibinin Rusiya olduğu reallığı nəzərə alaraq, burada Moskva ilə geniş konfrantasiya mühitini seçmir”
Sirr deyil ki, Qərb ölkələri Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Bu xüsusən də Dağlıq Qarabağ münaqişəsinə Qərbin münasibətində daha aydın sezilir. Belə ki, Qərb burada işğala məruz qalanla işğalçıya eyni münasibət bəsləyir. Qərbin ölkəmizə münasibətdə ikili standartlardan çıxış etməsi istər-istəməz onun Azərbaycanla əlaqələrinə də istər-istəməz mənfi çalarlar gətirir. Qərbin yürütdüyü bu siyasət regionda maraqları olan digər rəqib qüvvələr üçün əlverişli situasiya yaradır. Onlar fürsətdən istifadə edərək, burada öz maraqlarının təmin olunmasına çalışırlar. Bu fonda gözləmək olarmı ki, Qərb ölkəmizə münasibətdə yeritdiyi həmin ikili standart siyasətindən vaz keçsin?
Politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bu qənaətdə olduğunu bildirdi ki, Rusiya ilə konfrantasiya fonunda Qərbin ölkəmizə münasibətdə ikili standart siyasətindən vaz keçəcəyi inandırıcı görünmür: “Heç şübhəsiz Cənubi Qafqaz regionu uğrunda müəyyən qüvvələrin mübarizəsi var və bunu heç kim istisna etmir. Bir çox hallarda onların mübarizəsi açıq müstəviyə keçir. Bəzi hallarda da gizli şəkildə gedir. Amma hər zaman bu mübarizə var. Eyni zamanda, böyük dövlətlərin, güc mərkəzlərinin regionda maraqlarının üst-üstə düşdüyü və toqquşduğu məqamlar da mövcuddur. Üst-üstə düşən məqamlardan nə qədər paradoksal səslənsə də Qərb dövlətləri ilə Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeləri son dərəcədə müxtəlifdir. Mövqelər burada toqquşur, amma nə qədər qəribə olsa da, Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı məsələdə hər üç tərəf eyni mövqedən çıxış edir. Onların bu məsələdə hərəkətlərində fərqlilik yoxdur. Bu münaqişə ilə bağlı ABŞ hansı mövqeni bildirirsə, Rusiya və Fransa da eyni mövqedən çıxış edir. Hər üçünün yanaşması belədir ki, bu münaqişə ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə prinsipilə həll olunsun, hər üçü bu qənaətdədir ki, konflikt güc tətbiqilə həll oluna bilməz. Buna baxmayaraq, tənzimləmə prosesində və regionla bağlı münasibətlərdə region dövləti olan Rusiya daha fəaldır. Rusiyanın bir neçə il öncə təsdiqlənən konsepsiyasında aydın şəkildə yazılıb ki, Kremlin xarici siyasətinin prioritet siyasəti MDB məkanıdır. Belə olan vəziyyətdə Rusiya birmənalı olaraq postsovet məkanını özünün yaxın xarici hesab edir və onun üçün bu regiona uzaq xaricdən gələnlərin müdaxilə etməsi qəbuledilməzdir. Yəni digər tərəflərə bunu göstərmək istəyir ki, həmin regionla bağlı həlledici söz sahibi Rusiyadır. Burada Rusiya ilə razılaşdırılmadan heç bir proses baş verə bilməz. Qərbdə sanki bu reallığı nəzərə alır, burada Rusiya ilə geniş konfrantasiya mühitini seçmir. Belə olan vəziyyətdə də regionda Rusiya və İranın fəallaşması xətti müşahidə olunur. Qərb isə hazırda daha çox Ukrayna məsələsində Rusiya ilə ciddi ziddiyyət yaşamaqdadır. Belə olan vəziyyətdə Cənubi Qafqazda ikinci cəbhəni açmaq və burada da Moskva ilə konfliktə getmək hazırda Qərbin maraqlarına uyğun deyil. Azərbaycan da bu reallıqlar fonunda düzgün siyasət yeridir. Həmin siyasət də çox vektorlu, balanslı xarici siyasət kursudur. Eyni zamanda, müxtəlif güc mərkəzlərinin regionla bağlı maraqlarını hesablayır. Azərbaycan qoşulmamaq hərəkatının üzvüdür, eyni zamanda, avroatlantik məkana inteqrasiya xəttini həyata keçirir. Bundan çıxış edərək də, öz siyasətinin konturlarını müəyyən edir”.
Elçin