Diplomatiya masasına düşən EOKA kölgəsi – Hikmət Ərən kritik anda edilən PROVOKASİYANI YAZDI
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti cənab Tufan Erhürman ilə Cənubi Kipr Rum Administrasiyası (GKRY) lideri Nikos Xristodulidisin Lefkoşanın ara bölgəsində yerləşən BMT iqamətgahında keçirdikləri görüş, Kipr məsələsinin gələcəyi baxımından tarixi bir dönüş nöqtəsinə işarə edir.

Lakin bu görüşün tarixi əhəmiyyəti masadakı dialoqdan daha çox, masanın qurulmasından dərhal əvvəl Rum tərəfinin sərgilədiyi düşmən münasibəti ilə ləkələnmişdir. Xristodulidisin cənab Tufan Erhürmanla həyata keçirəcəyi kritik görüşdən saatlar öncə EOKA muzeyinin açılışında Yeoryos Qrivasla birlikdə verdiyi pozlar, açıq bir təxribatdır.
BMT-nin diqqətinin adaya yönəldiyi bir gündə Xristodulidisin atdığı bu addım, diplomatik nəzakətsizliyin fövqündə, Rum tərəfinin dəyişməyən zihniyyətinin açıq etirafıdır. Xristodulidisin, Kipr türklərinə qarşı qətliam cəhdlərinin memarı olan terror təşkilatı EOKA-nın muzeyini açması və qanlı əlləri ilə tanınan terror başçısı Yeoryos Qrivasın fotosu önündə, pulemyotlarla poz verməsi, “sülh” maskasının arxasındakı həqiqi simanı ifşa etmişdir. Belə bir gündə bir Rum liderinin sülh və dialoqdan danışmalı olduğu halda, pulemyotlar və terrorçuların fotoları önündə poz verməsi bizə bunu hayqırır: “Bizim düşüncə tərzimiz 1960-cı, 1974-cü illərdə nə idisə, bu gün də odur.”
Rum tərəfinin terror keçmişinə sığındığı bir mühitdə, ŞKTC Prezidenti cənab Erhürmanın duruşu isə diplomatiyanın və hüququn legitim zəmininə söykənir. Cənab Erhürman, seçildikdən dərhal sonra dövlət ənənəsinin tələbi olaraq ilk rəsmi səfərini 13 noyabrda Türkiyəyə etdi. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə Ankarada keçirilən görüş və ardınca verilən “Milli davamız Kiprdə ədalətli, dayanıqlı və adadakı reallıqlara uyğun bir həll üçün sıx koordinasiya” mesajı bugünkü görüşün əsas dayanağıdır. Türk tərəfi masaya Türkiyə Cümhuriyyətinin sarsılmaz dəstəyi, zəmanətçi hüququ və İki Dövlətli Həll tezi ilə əyləşib. GKRY-nin görüşmə masasına oturmadan dərhal əvvəl atdığı bu addım isə diplomatik bir nəzakətsizlikdir. Bu şərtlər altında səmimiyyətdən danışmaq mümkün deyil.
Bəs bu görüşmənin adaya bir faydası olarmı? Təəssüf ki, bu zihniyyətlə aparılan heç bir görüşmənin adaya həqiqi mənada sülh gətirməsi mümkün görünmür. Görüşə BMT Baş katibinin Şəxsi Nümayəndəsi Maria Angela Holquinin videokonfrans yolu ilə qoşulması və cənab Erhürmana Müsteşar Mehmet Dânanın müşayiət etməsi prosesin ciddiliklə aparıldığını göstərsə də, bu görüşdən “möcüzəvi bir uzlaşma” və ya “federasiya əsaslı bir birləşmə” gözləmək, sahədəki reallıqları oxuya bilməməkdir. Holquinin də şahidlik etdiyi kimi; bir tərəfin EOKA silahları ilə poz verdiyi bir tənlikdə digər tərəfin təhlükəsizliyini yalnız “xoş niyyət bəyanatlarına” əmanət etməsi mümkün deyil.
Bu görüşmənin adaya yeganə faydası, Rum tərəfinin uzlaşmaz və aqressiv tutumunun bir daha qeydlərə düşməsi olacaqdır. Bizim üçün məsələ aydındır: Kiprdə həll; masada gülümsəyib arxada silah göstərənlərlə qurulacaq federasiya deyil; suveren bərabərliyə malik, beynəlxalq aləmdə tanınmış Şimali Kipr Türk Cümhuriyyətinin varlığının qəbuludur.
Hikmət Ərən
EkoAvrasiya Vəqfi başqanı
Xüsusi olaraq, “Yeni Çağ” üçün












