Qara dəniz danışıqlarında NÖVBƏTİ RAUND: “Tələsmək olmaz”
“Ukrayna Qara dənizdə atəşkəs əldə etməyə tələsməməlidir”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Rusiya ilə sülh prosesi barəsində fikirlərini səsləndirən siyasi şərhçi Mayk Romanyuk deyib.
O, bildirib ki, Ankarada keçiriləcək görüşdə Ukrayna və Rusiya nümayəndə heyətləri Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edəcək, potensial olaraq digər ölkələrin də danışıqlara qoşulacağı gözlənilir:
“Türkiyə, ən azı, dörd dənizlə həmsərhəd olduğu üçün Qara dəniz təhlükəsizliyi ilə bağlı danışıqlar platforması təklif edərək, bu məsələnin özünə birbaşa aid olduğunu qeyd edib. Türkiyənin təşəbbüsü ilə qurulacaq bu platformada Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak edəcək. Hələlik Türkiyənin vasitəçiliyi ilə birbaşa danışıqların olub-olmayacağı məlum deyil, amma, böyük ehtimalla, Rumıniya və Bolqarıstanın da iştirak edəcəyi gözlənilir. Platforma həmçinin digər hələ açıqlanmayan ölkələrin də daxil olacağı bir müzakirə məkanı ola bilər”.
“Rusiya Ukrayna ərazilərinə hücumları davam etdirərkən, Ukraynanın Qara dənizdə hərbi əməliyyatları dayandırması üçün hələ tezdir. Ukrayna əvvəlcə raket hücumlarını dayandırmalı, sonra Qara dənizdəki sabitliyi təmin etmək istiqamətində addım atmalıdır. Rusiya tərəfinin Ukrayna ərazilərinə raket hücumlarını dayandırmadan Qara dənizdə atəşkəs mümkün olmayacaq”, – deyə o bildirib.
Türkiyənin Qara dəniz təhlükəsizliyini təmin edən koalisiyanın bir hissəsi olmaq niyyətində olduğunu ifadə edən Romanyuk, eyni zamanda, Türkiyənin Ukraynaya quru qoşunları göndərməyi planlaşdırmadığını, bunun əvəzinə isə Böyük Britaniya və Fransa kimi NATO ölkələri ilə əməkdaşlıq edəcəyini bildirib.
“Ukraynanın, ən azı, may ayına qədər Qara dənizlə bağlı hər hansı saziş imzalama ehtimalı azdır, çünki tələsmək olmaz”, – deyə ekspert qeyd edib.
Nəsimi Ələsgərli