!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ bizlik deyil” - Tverdəki diaspor lideri xalqımızı “pomidorsatan” adlandırdı

!Reklam – Yazi

Rusiyanın Tver şəhərində fəaliyyət göstərən diaspora təşkilatının fəaliyyəti ortaya ciddi suallar çıxarıb.

Yenicag.az-a daxil olan məlumata görə, təqribən 40 min azərbaycanlının yaşadığı Tver şəhərində fəaliyyət göstərən diaspora təşkilatının fəaliyyəti orada məskunlaşmış soydaşlarımızı qətiyyən qane etmir.

Əldə etdiyimiz məlumata əsasən, bir müddət əvvəl Tver şəhərində yaşayan soydaşlarımız Azərbaycan tarixi, ədəbiyyatı, Ermənistanın işğalı altında olan ərazilərimiz barəsində həqiqətləri yerli ictimaiyyətə çatdırmaq üçün cəmiyyət yaratmaq qərarına gəliblər.

Bu təşəbbüsü gerçəkləşdirmək üçün Rusiya Ədliyyə Nazirliyinə müraciət də edilib. Lakin Tver şəhərində fəaliyyət göstərən diaspora təşkilatının sədri Fəyyaz Paşayev və onun müavini Sərdar Abdullayev yaradılacaq yeni qurumu özləri üçün ciddi “təhlükə” kimi görüblər. Bu səbəbdən Paşayevlə Abdullayev yeni təşkilatın 10 nəfər təsisçisini yanlarına çağırıblar və onlara hədə-qorxu gələrək, məlum təşəbbüsdən imtina etmələrinə dair sənədə məcburi imza atdırıblar.

Bundan sonra cəmiyyətin qeydə alınması üçün Ədliyyə Nazirliyinə edilmiş müraciətə rədd cavabı gəlib.

Redaksiyamıza daxil olan məlumata əsasən, Tverdə yeni cəmiyyətin yaradılması təşəbbüsü Paşayevin sədri olduğu diaspora təşkilatında müzakirə olunub. Həmin iclasda iştirak edənlərin sözlərinə görə, toplantıda çıxış edən Fəyyaz Paşayev və Sərdar Abdullayev Tverdəki azərbaycanlıların təşkilatlanmasına “ehtiyac olmamasını” milləti aşağılayacaq tərzdə “arqumentləşdiriblər: “Bizə heç nə lazım deyil, biz pomidor satanlarıq”.

Tverdəki diaspora nümayəndələrimizdən aldığımız bilgilərə görə, orada yaşayan, taciklər, gürcülər, ermənilər, eləcə də digər xalqlar öz milli mədəniyyətlərini və tarixlərini tanıtmaq, ana dillərini qorumaq üçün müxtəlif tədbirlər keçirirlər, kurslar açırlar, bu istiqamətdə ardıcıl işlər görürlər.

Bildirilir ki, Fəyyaz Paşayev və Sərdar Abdullayev Tverdə Azərbaycanın təbliğini, əlamətdar tarixi günlərimizin yüksək səviyyədə qeyd olunmasını “yersiz işlər” kimi qiymətləndirir.

Təsəvvüür edin ki, Tverdə məskunlaşmış ermənilər qondarma “soyqırımı”nın “ildönüm”lərini müxtəlif aksiya və mitinqlərlə qeyd edirlər. Fəyyaz Paşayevlə Sərdar Abdullayevin rəhbərlik etdikləri diaspor təşkilatı isə Xocalı Soyqırımı ilə 20 Yanvar qətliamının anım günlərində nəinki heç bir tədbir keçirmirlər, hətta bu işləri görmək istəyən soydaşlarımıza da mane olurlar. Paşayevlə Abdullayevin bu fəliyyətsizlik üçün də “arqument”i var: “Bura Tverdir, Azərbaycan yox, Qarabağ məsələsi bizim məsələ deyil”.

Paşayevin sədr olduğu diaspora təşkilatının “strategiya”sı da “diqqət”dən yayınmır. Hər halda, Paşayevin özü təşkilatının “strategiya”sını məhz belə təqdim edir: “Biz nə dövlət, nə də dövlətçilik lazımdır. Bizə alver lazımdır, bizə tez zamanda pul qazanmaq lazımdır, yaxşı, çoxlu xanımlarımız olmalıdır”. Şərhə ehtiyac qalmır.

Diaspora nümayəndələrimiz bildirirlər ki, Paşayev-Abdullayev dueti Tverdə Azərbaycan adına nəinki heç bir iş görmür, əksinə, şəhərdə azərbaycanlılara aid bir vaxtlar mövcud olmuş rəqs məktəbinin dağılmasına da əhəmiyyət verməyib. Belə olan halda şəhərdəki soydaşlarımızın doğma dildə təhsil almaq imkanlarından danışmağa dəyməz.

Məktəb olmadığı üçün azərbaycanlılar öz övladlarını dağıstanlıların məktəbində oxutmaq məcburiyyətində qalıblar. Paşayev soydaşlarımızın Tverdə məscid tikilməsi üçün şəhər rəhbərliyinə rəsmi müraciət olunmasına dair təklifinə əhəmiyyət verməyərək, bundan boyun qaçırır. Qəribədir ki, Paşayevin sədr olduğu diaspor təşkilatı artıq 25 ildir “fəaliyyət” göstərsə də, qurumun ofisi yoxdur.

Tverdə yaşayan azərbaycanlılarla söhbət zamanı məlum olur ki, Fəyyaz Paşayev və müavini Sərdar Abdullayev müxtəlif sahələrdə iş qurmaq istəyən azərbaycanlılar barəsində dərhal Federal Təhlükəsizlik Xidmətinə məlumat verirlər, nəticədə həmin insanlar təzyiqlərlə üzləşirlər.

Tverdə yaşayan azərbaycanlıların sayı digər xalqlarla müqayisədə xeyli çox olsa da, Paşayevin sədri olduğu diaspora təşkilatının fəaliyyətsizliyi üzündən heç bir iş görə bilmirlər. Ana dilində təhsil ala bilməyən, milli-mənəvi mühitdən uzaq düşən soydaşlarımız isə yekunda assimlyasiyaya uğrayırlar.

Səxavət Məmməd

COP29

www.yenicag.az

5445
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv