Heydər Əliyev “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli mühüm əhəmiyyətli sərəncamı ilə milli diaspor quruculuğunun təməlini qoydu. Sözügedən sərəncama əsasən, həmin il noyabr ayının 9-10-da Bakıda dünya azərbaycanlılarının ilk qurultayı keçirildi.
Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Onların arasında ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətlərin təmsilçiləri var idi. 2002-ci il 5 iyul tarixli Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Heydər Əliyevin diaspor quruculuğunda xidmətlərindən biri də xaricə səfərləri zamanı daim həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirməsi, onların problem və qayğıları ilə yaxından maraqlanması, tövsiyələrini verməsi olub.
Əsası Ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, diasporun son illər ərzində əsas fəaliyyəti Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, xalqımızın üzləşdiyi faciələrə beynəlxalq birliyin biganə qalmamasına nail olmaq idi. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə əsas prioritetlərdən biri məhz bu məsələ idi.
Oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edən prezident İlham Əliyev ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla bağlı yürüdülən siyasətin dəyişməz qaldığını və bundan sonra da davam etdiriləcəyini bildirib:
“Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Göründüyü kimi, Azərbaycan dövlətinin prinsipial siyasətlərindən ən önəmlisi xaricdə yaşayan həmvətənlərimizlə bağlıdır.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur və hər bir dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsində diaspor amili olduqca vacib rol oynayır:
“Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir. Azərbaycan Respublikası da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.
Bir xalqın dünyada güclü diaspora malik olması beynəlxalq qurumlarda həmin dövlətin xeyrinə qərarların qəbul edilməsində, digər dövlətlərin qeyd olunan dövlətə qarşı loyal münasibətlər sərgiləməsində mühüm əhəmiyyət kəsb edir. Yəni dövlət digər dövlətlərin daxilində müəyyən rıçaqlara sahib olur ki, bu da xarici siyasətdə öz köməyini göstərir. Buna görə də dövlət də dünyada diasporunun güclənməsi üçün vacib işlər görməyə çalışır.
İkinci Qarabağ savaşındakı zəfərimiz ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı və koordinasiya imkanlarımızın, fəaliyyət potensialımızın nümayişinə şərait yaratdı.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın 50 ölkəsində 570 diaspor təşkilatımız fəaliyyət göstərir. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilmişdilər. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir.
Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-də çoxlu sayda Azərbaycan icmaları yaradılmışdır. Yeni icma və birliklərinin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.
Qəti şəkildə demək olar ki, hazırda diaspor quruculuğu və onun inkişaf etdirilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Açıq demək lazımdır ki, 2018-ci ildən başlayaraq komitənin fəaliyyətinə yeni nəfəs gəlib və bu, diaspor hərəkatının daha da canlanması ilə nəticələnib. Fuad Muradovun komitə sədri təyin olunmasından sonra komitənin fəaliyyəti son illərdə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub və müsbət istiqamətdə inkişaf edir. Pandemiya dövründə azərbaycanlı tələbələrin dəstəklənməsində və bəzilərinin vətənə dönməsində komitənin böyük əməyi oldu. 44 günlük Vətən müharibəsi dönəmində isə informasiya savaşının aparılması, hər bir soydaşımızın vahid məqsəd uğrundakı fəaliyyəti məqsədilə də komitə olduqca böyük uğurlara imza atdı. Koordinasiya şuralarının, Azərbaycan evlərinin, “Qarabağ” və Nizami Gəncəvi adlı Azərbaycan dili həftəsonu məktəblərinin yaranmasında, gənclərimizin fəallaşmasında da komitənin böyük rolu var və bunlar, təbii ki, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlarından sonra xaricdə yaşayan azərbaycanlıların daha çevik və səmərəli şəkildə təşkilatlanması, təşkilatların fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatlar ciddi şəkildə diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə müxtəlif ölkələrdə koordinasiya şuralarının təsis edilməsi öz səmərəsini dərhal verməyə başlayıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor təşkilatlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun təşkilatlanma prosesi başlanıb.
Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.
Bu baxımdan, xaricdə yaşayan soydaşlarımızın da işğaldan azad olunmuş ərazilərimizə müntəzəm səfərlərinin təşkili və eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi də gözəl təşəbbüs və möhtəşəm layihədir. Bu kimi layihələr dünyanın harasında yaşamasından asılı olmayaraq, insanımızın öz doğma yurd-yuvasına bağlılığının təmin edilməsinə və gənclərimizin vətənpərvər ruhda böyüməsinə öz müsbət təsirini göstərəcəkdir.
Mən tamamilə əminəm ki, diaspor quruculuğu sahəsində görülən işlər bundan sonra da öz bəhrəsini verəcək və bizlər güclü lobbiyə malik, güclü bir dövlət olaraq Azərbaycan həqiqətlərini bütün dünyaya daha da gur şəkildə çatdıra biləcəyik”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov isə, öz növbəsində, qeyd edib ki, xüsusən İkinci Qarabağ Savaşından sonra Azərbaycanın daxili və xarici siyasətində yenilənmə başlayıb:
“Bu yenilənmə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da ölkəmizlə bağlarının daha da möhkəmlənməsini təşviq edib. Azərbaycançılıq ideyasının formalaşması və bu ideyanın dünyada gücləndirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində özlərinə yer tutan həmyerlilərimizin koordinasiyalı fəaliyyəti lobbiçiliyin və azərbaycanlıların həmrəyliyinin əyani sübutudur. Bu fonda azərbaycançılıq ideyasının formalaşdırılması və diaspor quruculuğu sahəsinin möhkəm təməllər üzərində qurulması da özünü büruzə verir. Ölkə başçısı İlham Əliyevin azərbaycançılıq ideyasına xüsusi diqqət göstərməsi də danılmaz faktdır.
Qeyd edim ki, proses bundan sonra da davam etdiriləcək. Azərbaycanın bir çox nümayəndələri müxtəlif dövlətlərdə yüksək vəzifələrdə belə çalışırlar. Elm, mədəniyyət, iqtisadiyyat və bu kimi digər sahələrdə çalışan azərbaycanlıların olması Azərbaycan diaspor quruculuğunun lobbiçilik fəaliyyətinin tərkib hissələrindən biridir. Bu mənada, Azərbaycanın həmrəylik siyasətinin formalaşdırılması indiki halda məqbul görünür. Bugünkü təlatümlü bir dövrdə bu cür siyasi kursu yürütmək Azərbaycanın gələcəkdə beynəlxalq arenada əlini gücləndirən əsas vasitələrdən birinə çevrilə bilər”.
Gülşən Şərif
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə yürütdüyü siyasəti” mövzusunda hazırlanmışdır.
www.yenicag.az